Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışını davam etdirən basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yığma ikinci liqa təmsilçisi "TED Ankara Kollejliler" kollektivi ilə qarşılaşıb. Görüş komandamızın 92:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın ən məhsuldarı 36 xalla Amil Həmzəyev olub. Komandamızın əsas oyun qurucusu Zaur Paşayev isə görüşdə 14 məhsuldar ötürmə ilə yadda qalıb. Endar Poladxanlı 23, Coşqun Əliyev və Əkbər Məmmədov hərəyə 14 xal toplayaraq qələbədə əsas pay sahiblərindən olublar.
Qeyd edək ki, yığma Ankarada daha əvvəl iki yoxlama oyunu keçirib. İlk matçda "Türk Telekom"un 20 yaşadək basketbolçulardan ibarət kollektivini yenən (64:62) millimiz ardından "Afyon HDİ" komandasına uduzub (77:79). Təlim-məşq toplanışı aprelin 14-də başa çatacaq.