Tokio 2020 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha bir təmsilçimiz mübarizəyə qoşulub.
Avropa çempionumuz Orxan Səfərov(66 kq) günün startındaca tatami üzərinə çıxıb. Dünya çempionatlarının ikiqat mükafatçısı qazaxıstanlı Yerlan Serikcanov ilə üz-üzə gəlib.
1/16 final çərçivəsində baş tutan görüşün əsas vaxtında hesab açılmayıb. "Qızıl xal"da "vaza-ari" ilə məğlub olan Səfərov mübarizəni dayandırıb.
Qeyd edək ki, Tokio 2020-nin cüdo yarışları iyulun 31-dək davam edəcək. Azərbaycan bu idman növü üzrə mübarizəyə 9(7 kişi, 2 qadın) nəfərlə qatılıb. Yarışların ilk günündə kişilərdən Kəramət Hüseynov(60 kq), qadınlardan Aişə Qurbanlı(48 kq) erkən mərhələlərdə uduzaraq Olimpiya Oyunlarını əliboş başa vurublar.
Sahib Əsədbəyli