Sabah DÇ-2022 start götürəcək. Futbol bayramı dekabrın 18-dək davam edəcək.
Qətərdə təşkil olunacaq mundialda hansı yığmanın dünya çempionu adını qazanmağa əsas namizəd olduğu isə ən çox müzakirə edilən mövzularından biridir.
Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların da dünya çempionatı ilə bağlı fikirləri maraqlıdır.
Fanat.Az-ın sorğusunda iştirak edən futbolçular DÇ-2022-nin favoriti hesab etdikləri və mundialın süprizi olacaq komandaların adlarını açıqladılar.
Şəhriyar Əliyev ("Turan"): "Favoritim İspaniya millisidir. Məncə, elə İspaniya çempion olacaq. Argentinanı da favoritlər sırasına yazardım. Ancaq hansısa zəif komandaların sürpriz edib finala gələcəyinə inanmıram".
Cavid Tağıyev ("Turan"): "Niderlanda azarkeşlik edirəm. Ancaq favorit Braziliyanı görürəm. Danimarkadan isə sürpriz gözləyirəm".
Yusuf Laval ("Neftçi"): "Favoritim Argentinadır. Sürpriz komanda isə Seneqal olacaq".
Tərlan Əhmədli ("Turan"): "Favoritim elə azarkeşi olduğum da Braziliya millisidir. Sürprizi Yaponiyadan gözləyirəm".
Xəyal Nəcəfov ("Turan"): "Favoritim də, azarkeşlik etdiyim komanda da Messili Argentinadır. Sürpriz komanda kimi Danimarkanı qeyd edərdim".
Ruslan Abışov ("Zirə"): "Braziliyanı favorit hesab edirəm".
Natan Oduva ("Turan"): "Təbii ki, İngiltərə millisinə azarkeşlik edəcəm. Favorit isə Fransanı görürəm. Sürpriz komanda Seneqalı qeyd edə bilərəm".
Kamal Bayramov ("Turan"): "Braziliyaya azarkeşlik edirəm. Favoritlərim Braziliya və Argentinadır. Demək olar bütün titullara sahib olan Lionel Messinin iştirak edəcəyi sonuncu mundialda çempion olması xoş sürpriz olardı".
Vüsal İsgəndərli "Sumqayıt"): "Məncə, Portuqaliya çempion olacaq. Əslində Kriştianu Ronalduya görə elə istədiyim budur. Uruqvay isə sürpriz edə bilər".
Röya Kərimli