
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya kuboku çempionatına həsr olunmuş yubiley pul nişanları tədavülə buraxılıb.
Fanat.Az bankın mətbuat xidmətinə istinadən xəbər verir ki, qızıl nişanının çəkisi 1/10 unsiya, dəyəri 10 manatdır. Gümüş pul nişanının çəkisi isə 20 qrama bərabərdir və nominal dəyəri 5 manat təşkil edir.
Xatirə pul nişanlarının ön tərəfində Qətərdə keçiriləcək futbol üzrə dünya kuboku çempionatının loqosu və “FIFA World Cup Qatar 2022” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikası gerbinin təsviri, “Azərbaycan Respublikası” sözləri və pul nişanının nominalı və texniki parametrləri təsvir olunmuşdur.
Qeyd olunur ki, xatirə pul nişanı Azərbaycanda nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.