
Yaponiyada doğulmuş amerikan jurnalist Tomas Qolts 3 gün sonra keçirəcəyi 60 yaşı üçün əla xəbər alıb.
Fanat.az xəbər verir ki, o, oktyabrın 13-də Monako Knyazlığına dəvət olunub. Belə ki, burda onun "Qarabağ" Futbol Klubu haqda çəkdiyi 52 dəqiqəlik sənədli film "Sportel" idmana dair sənədli film müsabiqəsinin ilk "Sülh və İdman Sənədli Filmi Mükafatı"na layiq görülə bilər. Bu nominasiyaya Qoltsdan başqa, daha 2 namizədin çəkdiyi film iddialıdır. Qalibə mükafatı Monako Şahzadəsi Albert təqdim edəcək.
Qeyd edək ki, Nyu-York Universitetinin Yaxın Şərq sahəsi üzrə ixtisaslaşan və Türkiyədə də işləmiş Tomas Qolts 1990-cı illərdə Qafqaz regionunda baş verən münaqişələri işıqlandırmaqla məşğuldur. O, Azərbaycan - Ermənistan ("Azərbaycan gündəliyi", 1998), Gürcüstan - Abxaziya ("Gürcüstan gündəliyi", 2006), Çeçenistan münaqişələrinə ("Çeçenistan gündəliyi", 2003) dair kitabların müəllifidir.
Alman, türk, ərəb, Azərbaycan və rus dillərində bilən Qolts 2009-cu ilin martında Azərbaycan - Kanada Təşkilatları Assambleyasının dəstəyi ilə keçirilən mühazirə zamanı Dağlıq Qarabağ ermənilərini "sarımsaq yetişdirən" kimi xarakterizə etmişdi. Bu üzdən o, Kanadanın Erməni Milli Komitəsi tərəfindən tənqidə məruz qalmışdı.
Fanat.az