
Amal Abuşov
“Kəpəz”ə inanmaq üçün 3 səbəbGəncə təmsilçisinə könül verən azarkeşlər bu günü düz 16 il gözlədilər. Yetərincə ciddi zaman fasiləsidi. 16 il bundan əvvəl ölkənin baş arenasında Türkiyənin "Antalyaspor”uyla qarşılaşmanı izləyərkən bunu heç ağlımıza da gətirməzdik. İnanmazdıq ki, "Kəpəz”i bir daha qitə kubokları uğrunda mübarizədə görmək üçün 16 il gözləməli olacağıq.
Həmin qarşılaşma xatirələrimizdə qarışıq hisslərlə qalıb. Təmsilçimiz təcrübəli və yaxşı təşkilatlanmış rəqiblə oyuna yetərincə inamlı başlamışdı. Hər şeyi Hüseyn Məhəmmədovun aldığı qəfil qırmızı vərəqə korladı. Bir mövsüm əvvəl növbəti mərhələyə vəsiqəni səfərdə vurulan qol prinsipi sayəsində Makedoniyanın "Sloqa Yuqomaqnat” klubuna güzəştə gedən gəncəlilərə ümidimiz böyük idi. Amma Hüseynə verilən qırmızı vərəqə arzularımızın üzərindən qara xəttə çəkdi. Yeniyetmə Xəyal Zeynalov "çərçivə”yə keçəndə 90 dəqiqənin sonunda darmadağınla üzləşəcəyimizi düşünürdük. Zeynalovun heç Azərbaycan çempionatında düz-əməlli təcrübəsi yox idi, üstəlik, komandamız da azlıqda qalmışdı. 0:2 hesablı məğlubiyyət bizi məyus etsə də, stadiondan evə başıyuxarı və məğrur yollanmışdıq...
... yuxarıda qeyd etdiklərim 16 il əvvəl baş verib. Bu müddət ərzində həm yaxşılığa, həm də pisə doğru çox şey dəyişib. Azərbaycan futbolunda milyonlar dövr edib, yeni-yeni komandalar yaranıb və dağılıb, neçə-neçə süni-təbii örtüklü stadionlar inşaa edilib, köhnələr təmir olunub. Nə sirri-xudadısa, bütün bu proseslər Gəncə futbolundan və onun möhtəşəm stadionundan yan keçib. Bir-neçə dəfə "Kəpəz”ın əvvəlki şöhrətinin qaytarılmasına cəhd olunsa da, hər dəfəsində ortaya ciddi əngəllər çıxıb, qısa müddət varlıq göstərən Gəncənin qüruru yenidən kölgəyə çəkilib. Eləcə də bir vaxtlar Azərbaycan millisini, futbol tariximizin ən möhtəşəm qarşılaşmalarından olan "Qızıl oyun”u qəbul edən şəhər stadionu baxımsızlıqdan dağılıb gedib. Nəhayət ki, ötən mövsüm "Kəpəz”i yenidən həyata və elitaya qaytarmaq mümkün oldu. Düzgün məşqçi seçimi və onun seleksiya siyasəti nəticəsində "Kəpəz” Azərbaycan səviyyəsində sanballı komandaya çevrildi və avrokuboklarda 16 il əvvəl yarımçıq qoyduğu yolu davam etdirməyə şans qazandı.
Kor püşkün bu yay bizə nəsib etdiyi rəqiblər arasında ən qorxulusu "Daçiya”dı. Gülməli görünsə də, reallıq belədi. Diniyevin əlinin altında geniş və səviyyəli ifaçılardan qurulmuş heyət olsaydı, "Kəpəz” avrokuboklara Avstriyada hazırlaşıb, orda ciddi rəqiblərlə yoxlama görüşləri keçirsəydi, moldovanları asanlıqla yolumuzdan kənarlaşdıracağımıza inanar, birinci mərhələ üçün zərrə qədər də olsun həyacan keçirməzdik. Təəssüf ki, reallıq başqa cürdü. Şahin bəy yetirmələrini Avstriyada yox, avtobusla yol ölçdükləri Ərzurumda hazırlamağa məcbur olub. Onun komplektləşdirməyə çalışdığı heyət gücünü Ərzurumdakı yarımhəvəskar komandalarla, ötən mövsüm dvizionun sonuncusu olmuş "Bakı”yla sınayıb.
Bütün bunlara baxmayaraq, ümidimizi itirməmişik. Şahin bəy özü gileylənmədən işini görürsə, biz də üzərimizə düşəni etməliyik. "Kəpəz”ə güvənmək, "Daçiya” əngəlini aşacağımıza inanmaq üçün səbəblər olmamış deyil. Birincisi elə bacarıqlı məşqçi olduğunu çoxdan sübut eləmiş, zərgər dəqiqliyi ilə oyunçu seçməyi, rəqibi öyrənməyi bacaran Diniyevin özü. İkincisi Şahin bəyin güvəndiyi, "Kəpəz”in uğuru üçün meydanda can qoyan futbolçular. Üçüncüsü və ən əsası isə sabah "Dalğa Arena”nı işğal etməyə hazırlaşan azarkeşlər. Gəncəli azarkeşlərin gücü hamıya yaxşı məlumdu. Ümid edək ki, paytaxtdakı futbolsevərlər də sabah onlara dəstək olacaq, Moldovadan gələn qonaqlarımız üçün Mərdəkandakı stadionu əsl cəhənnəmə çevirə biləcəyik.
Uğur olsun, "Kəpəz”!