
Topaz Premyer Liqasının II turunun açılış matçında "Sumqayıt” və "Qarabağ” komandaları üz-üzə gəlib. Fanat.Az xəbər verir ki, oyun Ağdam klubunun 2:0 hesablı qələbəsiylə başa çatıb.
Oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt”ın baş məşqçisi Samir Abbasov fikirlərini bildirib: "İsətədiyimiz kimi oynamadıq. Oyuna yaxşı başlamadıq və sona qədər belə mübarizə apardıq. Bəlkə də, futbolçular "Qarabağ”ın adına görə belə oynadılar. Meydançada yalnız "Qarabağ” adlı komanda var idi. Hələ ikinci turdu və məğlubiyyəti fəlakət adlandırmaq olmaz”.
- Bu gün Vaqif Cavadov meydanda ən pislərdən biri idi. Niyə Vaqifi əvəzləmədiniz?
- Vaqif doğrudan da çox zəif oynadı. Ümumiyyətlə, "Sumqayıt” olaraq zəif oynadıq. Vaqif meydançada ən zəiflərdən biri idi. Vaqifi kənara qoyaq, "Sumqayıt” olaraq görəcək işlərimiz var.
- Komandanın mərkəz xəttində boşluqlar var...
- Legioner qadağasından sonra planlarımız dəyişdi. Ona görə də, yarımmüdafiə xəttində boşluqlarımız var. Ümid edirəm ki, daha yaxşı olmağa çalışacağıq.
- Kamran Ağayevin "Sumqayıt”da intizamsızlıq edəcəyindən narahat deyilsiz?
- Kamranla futbol da oynamışam. Ondan heç vaxt pislik görməmişəm. İnanıram ki, Kamran bizim komandamızda əvvəlki formasını qaytara biləcək.
- Bilirik ki, Kamran Ağayev meyxana deməyə çox meyillidir. Belə bir xəbər çıxıb ki, onun meyxana deməsinə qadağa qoymusunuz...
- Kamran həmin hərəkətləri bizim məşqimizdə edə bilməz. Ola bilər ki, şəxsi həyatında bu işlərlə məşğuldu və biz onun həyatına qarışa bilmərik. Amma belə xəbərlərin hardan və necə çıxdığını deyə bilmərəm. Təki yaxşı meyxana desin.
Fanat.Az