Oktyabrın 5-də "Turan-T" ilə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, komandanın son məşqi Gəncə şəhər stadionunda baş tutub.
Gəncəlilərin baş məşqçisi Vidadi Rzayev B kateqoriyasının yenilənməsi üçün Bakıya yollandığından futbolçuları hazırlıq prosesinə onun köməkçisi Azər Məmmədov çıxarıb. Rzayev qarşıdakı 3 günü ölkə paytaxtında olacağından komandanı elə tovuzlularla oyuna da məhz Məmmədov hazırlayacaq.
Azər Məmmədov qarşıdakı oyunla bağlı fikirlərini bildirib: "Sonuncu oyundan sonra komandanı istirahətə buraxmışdıq. Ona görə ilk məşqimiz bərpa xarakteri daşıyırdı. Əsasən topsuz məşqlər etdik, qaçdıq. Hazırlıq məşqi idi, 1 saat 10 dəqiqə sürdü".
"Kəpəz"in heyətində bir itki var. Pərvin Paşayev zədəlidi. Yarımmüdafiəçi bu üzdən məşqlərə qatılmır. Onun "Turan-T" ilə görüşdə meydana çıxmayacağı dəqiqdi.
Bu arada isə uzun fasilədən sonra “Kəpəz” nəhayət ki, yenidən doğma meydanda oynaya biləcək. Gəncə şəhər stadionunun ot örtüyü ilə bağlı problemlər yoluna qoyulduğundan komanda rəqiblərini o cümlədən qarşıdakı oyunda Turan T-ni evdə qəbul edəcək.
"Kəpəz TV"

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol