Türkiyə Tokio 2020-də qızıl medal hesabını açıb.
Fanat.Az xəbər verir ki, Mete Qazoz kamandan oxatma yarışlarının bu gün baş tutan final qarşılaşmasında italiyalı Mauro Nespolini 6:4 hesabı ilə məğlub edib.
O, həmçinin Yay Olimpiya Oyunları tarixində kamandan oxatma üzrə ölkəsinə ilk mükafatı bəxş edib.
Yarışlara 1/32 finaldan başlayan Qazoz, "qızıl" uğrunda həlledici görüşə kimi müvafiq olaraq Lüksemburq, iki Avstraliya, ABŞ və Yaponiya təmsilçilərini yolundan uzaqlaşdırıb.
22 yaşlı idmançı hisslərini belə ifadə edib: "Çox sevincliyəm. Rio 2016-dan sonra verdiyim müsahibədə Tokioda qızıl medal qazanacağıma söz vermişdim. Sözümü tutdum. Ekran qarşısında bizi izləyən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, qardaş ölkə təmsilçiləri Tokio 2020-yə qədər Olimpiadalarda 6 növ(güləş, ağırlıqqaldırma, cüdo, atletika, taekvondo, boks) üzrə üst-üstə 91 medal qazanıb. Bu Olimpiadada isə Qazozadək iki taekvondoçu - Hakan Reçber(68 kq) və Hatice Kübra İlgün(57 kq) bürünc mükafatla yadda qalıb.
Sahib Əsədbəyli

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol