
"Mançester Yunayted" rəhbərliyi Ruben Amorimin gedişindən sonra boş qalan baş məşqçi postu ilə bağlı qəti qərarını verib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun əfsanəvi yarımmüdafiəçisi Maykl Kerrik mövsümün sonuna qədər müvəqqəti baş məşqçi vəzifəsinə təyin olunub.
Futbolçu karyerası ərzində "qırmızı şeytanlar"ın heyətində 464 rəsmi matçda meydana çıxan Kerrik, beş Premyer Liqa və bir Çempionlar Liqası titulu ilə klub tarixinin ən uğurlu simalarından biridir. Məşqçilik təcrübəsinə Joze Mourinyo və Ole Qunnar Sulşerin köməkçisi kimi məhz "Old Trafford"da başlayan 44 yaşlı mütəxəssis, son olaraq "Middlsbro" klubunda nümayiş etdirdiyi hücumameylli futbolla rəğbət qazanmışdı.
Klub rəhbərliyi mövsümün qalan hissəsində komandadakı atmosferi bərpa etmək üçün Kerrikin liderlik keyfiyyətlərinə və klub fəlsəfəsinə bələd olmasına güvənir. Statistik göstəricilərə görə, Kerrik daha əvvəl Sulşerin gedişindən sonra müvəqqəti olaraq başçılıq etdiyi 3 oyunda məğlubiyyət üzü görməmişdi.
Kamil Xudiyev