
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qalatasaray" Fransa Liqa 1 təmsilçisi "Renn" ilə yoxlama matçında üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, sürətli hücumlar və kəskin keçidlərlə yadda qalan 3:3 hesablı qarşılaşmada "sarı-qırmızılılar" həm ön xətdəki təhlükəli potensialını, həm də müdafiədə buraxılan bəzi boşluqları göz önünə sərib.
Oyunda İstanbul təmsilçisinin qollarını 18-ci dəqiqədə Viktor Osimhen, 49-cu dəqiqədə Qabriel Sara və 90+4-cü dəqiqədə penaltidən Barış Alper Yılmaz vurduğu halda, fransızların heyətində 27, 58 və 61-ci (penalti) dəqiqələrdə fərqlənən Esteban Lepol het-triklə yadda qalıb.
Rəqibin ardıcıl qollarla önə keçməsinə baxmayaraq, matçdan qopmayan İstanbul nəhəngi son saniyəyə qədər əzmkarlıqla mübarizə apararaq qazandığı penalti ilə məğlubiyyətdən qurtulmağı bacarıb.
Kamil Xudiyev