
"Mahir Emreli və Tomaş Pekhart bir-biri ilə yarışır. Məşqdə özünü yaxşı tərəfdən göstərən futbolçu müntəzəm oynayacaq".
Fanat.Az xəbər verir ki, bu fikirləri Varşava "Legiya"sının baş məşqçisi Marek Qolebiyevski "Motor Lyüblin"lə Polşa Kubokunun 1/8 final oyunuöncəsi mətbuat konfransında deyib.
Hücum xəttindəki rəqabət barədə danışaraq Emreliylə Pekhartı müqayisə edən 41 yaşlı mütəxəssis azərbaycanlı futbolçunun fərqli keyfiyyətlərə malik olduğunu bildirib: "Mahir fərqli hücumçudur, sürətli və güclüdür. Pekhart isə hava mübarizələrində və cərimə meydançasında yaxşı oynayır. O, tipik "9 nömrə"dir. Tomaşla tez-tez danışıram, çünki o, keçən mövsüm 20-dən çox qol vurub və əlbəttə bunu necə edəcəyini unutmayıb. O, həmişə yaxşı ötürmələr almır, bəzən topların göndərildiyi mövqeyə düzgün girmir. Bəzən isə zərbələrdə dəqiqlik çatmır. Ümid edirəm ki, həm Mahir, həm də Tomaş "Motor Lyüblin"lə matçda tilsimi qıracaq".
Qeyd edək ki, Mahir Emreli cari mövsüm "Legiya"nın heyətində 11 qol vurub.
Mirağa