Bir müddət öncə "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldunun (Cristiano Ronaldo) anası Mariya Dolores Aveyru mətbuata açıqlamasında oğlunu "Sportinq" (Portuqaliya) formasında görmək istədiyini demişdi.
Fanat.Az Portuqaliyanın "Record" nəşrinə istinadən xəbər verir ki, Dolores Aveyru bunun gerçəkləşməyən ən böyük arzusu olduğunu qeyd etmişdi:
"Oğluma demişəm ki, ölmədən öncə səni "Sportinq" formasında görmək istəyirəm. Bu mənin hələlik gerçəkləşməyən arzumdur. Əgər özündə alınmasa heç olmasa oğlu bu klubda oynasın. O, Kriştianudan daha yaxşı oynayır".
Dekabr ayının 25-i katolik xristianlarının Milad bayramı ərəfəsində Ronaldunun sosial şəbəkədə paylaşdığı bayram fotosunda da anasının futbolçuya "Sportinq" klubunun atributikasını hədiyyə aldığı aşkarlanıb.
Fotoda diqqət çəkən bu hədiyyə Portuqaliya mediasında gələcəkdə Ronaldunun karyerasını hansı klubda başa vuracağına bir işarə kimi qiymətləndirilib.
Xatırladaq ki, Kriştianu Ronaldu karyerasını məhz Lissabonun "Sportinq" klubunda başlayıb.
Emin Şəmsiyev