Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə "Ludoqorets" ilə qarşılaşacaq. İlk görüşdə Bakıda 1:2 uduzan Qurban Qurbanovun baş məşqçisi olduğu komanda məğlubiyyətin revanşını Bolqarıstanda çıxmağa, beləliklə pley-offa adlamağa çalışacaq.
"Qarabağ"ın veteran müdafiəçisi və Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.
Əsədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Nəticəyə əsasən üstünlüyün rəqibin tərəfində olduğunu düşünmək olar. Ancaq ilk oyunu təhlil edəndə komandamızın şanslarının tükənmədiyini, əksinə, Bakıdakı görüşdən daha çox olacağını proqnozlaşdırmaq olar. Gözlənilirdi ki, "Ludoqorets" ilk matçda qapanıb əks-hücumlara üstünlük verəcək. Belə də oldu. Düzdür, "Qarabağ"ın xüsusilə matçın əvvəlində qol vəziyyətləri var idi. Ancaq komandamız fərqlənə bilmədi. Rəqib isə təhlükəli əks-hücumlardan iki qol vurdu. Ümumi götürəndə ərazi üstünlüyü "Qarabağ"ın tərəfində oldu, amma rəqib qol epizodlarından maksimum yararlandı.
Düşünürəm ki, cavab oyunu daha asan keçəcək. Bir şərtlə ki, rəqib evdə açıq oynasın. Yəqin belə də olacaq. Çünki yerli azarkeşlərin təzyiqi ilə istər-istəməz irəli atılacaqlar. Belədə bu amil "Qarabağ" lehinə işləyə bilər. Yəni müdafiədə boşluq yaransa, təmsilçimiz qol və ya qollar vura bilər. Arzuladığımız qol tez vurulsa, "Qarabağ"ın işi daha da asanlaşacaq. Belədə "Ludoqorets"in açıq futbol sərgiləməkdən başqa variantı qalmayacaq.
İlk oyunda uduzmasına baxmayaraq, "Qarabağ"ın mərhələ adlamaq şansını yüksək qiymətləndirirəm".
Qeyd edək ki, Razqradda “Ludoqorets Arena”da keçiriləcək görüş saat 22.00-da start götürəcək.
Mirağa