
İyulun 6-dan Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda Türkiyənin I Liqa təmsilçisi "Çorum"la qarşılaşacaq.
Azərbaycan millisinin üzvü Coşqun Diniyevin, eləcə də "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin heyətində olduğu "Çorum" ilə sınaq matçının Bakı vaxtı ilə saat 18:00-da start götürməsi nəzərdə tutulub.
Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşan tovuzlular bundan sonra Boluya yollanaraq toplanışın ikinci mərhələsini orada davam etdirəcək. “Von Resort Abant” otelində məskunlaşacaq bölgə klubunun Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq. Həmin arada daha 3 oyun keçirməyi planlaşdıran Kurban Berdıyevin komandasının rəqiblərindən birinin Cənubi Azərbaycan təmsilçisi "Traktor" olacağı gözlənilir. Sözügedən görüş iyulun 29-da keçiriləcək.