
2-ci Liqanın 11-ci turunda "Şirvan"ı qonaq edən "Xankəndi" rəqibinə böyük hesabla qalib gəlib. Qarabağ təmsilçisi rəqibini 5:1 hesabı ilə yenərək liderliyini qorudu. "Xankəndi"nin türkiyəli baş məşqçisi İbrahim Uzunca ilə əlaqə saxlayıb matç barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Çempionatda ən çətin, nə etdiyini bilən bir komandaya qarşı oynadıq. Rəqib ilk yarıda müdafiəyə qapanıb əks-hücumlara bel bağlayırdı. Bununla belə, fasiləyə qədər onlara şans vermədik. Bəlkə də mövsümün ən yaxşı ilk yarısını keçirdik. "Şirvan" qapısında qollar gördüyü üçün ikinci hissədə taktikanı dəyişdi, dərhal da qapımıza qol vurdular. Amma açıq futbol getdiyi üçün daha 2 qol vurub fərqli qələbə qazanmağımıza əngəl ola bilmədilər. Əvvəlcədən 3:0, 4:0 qazanacağımızı düşünmüşdüm. Rəqib bir qol vursa da, təxminim baş tutmuş sayılır.
Bizi qarşıda "Quba" ilə daha bir çətin oyun gözləyir. Amma bu səfərdən də qalib dönməyi hədəfləmişik. Ümumiyyətlə, "Qaradağ Lökbatan"la gələn ilin əvvəlində - 15-ci turda baş tutacaq görüşə qədər lider qalmağı düşünürük. Aramızdakı bu qaç-qov fevrala qədər davam edə bilər. Hərçənd, növbəti turda onların "Ağstafa Gəncləri" ilə görüşdə büdrəyəcəklərini, bizim "Quba"nı yenib vahid lider olacağımızı təxmin edirəm. İstənilən halda, çempionluğun taleyi "Qaradağ Lökbatan"la ikinci dövrədəki görüşdə həll olunacaq".
Mirağa