
"Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını üstələyib. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda Bakıda 2:0 hesabı ilə qalib gəlib.
Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb həm ilk görüş, həm də bir həftə sonra baş tutacaq cavab matçı barədə fikirlərini öyrəndik.
Əsədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Gözlənildiyi kimi, "Sabah" ərazi üstünlüyünə malik idi. Komandamız oyuna diktə edirdi. Bununla belə, görüş heç də asan keçmədi. Bu da ilk qolun gec vurulmasından qaynaqlandı. Rəqib qapanmışdı, bu üzdən uelslilərin kompakt müdafiəsini yarmaq çətinlik yaratdı. Təlim-məşq toplanışından dərhal sonra olduğu üçün "Sabah"ın tam hazır olmadığını, ağır göründüyünü də bildirim. Bu da təbiidir. Ancaq hesab açıldıqdan sonra təmsilçimiz daha rahat oynamağa başladı, qol epizodlarının sayı artdı. Son dəqiqələrdə vurulan 2-ci qol yerinə düşdü. Bu, üstünlüyü artırmağa, səfər oyununa daha rahat yollanmağa imkan verəcək.
Qeyd etdiyim kimi, "Sabah" hələ tam hazır deyil. Amma şübhə etmirəm ki, tədricən, oyundan-oyuna artıracaq. Səfər matçı Bakıdakı oyun kimi keçməyəcək. Rəqibdən ehtiyatlanmaq lazımdır. TNS standart vəziyyətlərdə təhlükəli ola bilər. Həm də hiss olunur ki, hücumçuları irəlidə top saxlaya bilir. Bundan başqa, meydan amili, rəqibin və tribunaların təzyiqi "Sabah"ın əleyhinə olacaq. İstənilən halda, "bayquşlar"ın mərhələni adlayacağını düşünürəm. "Sabah" potensialını tam ortaya qoya bilsə, Konfrans Liqasının qrupuna düşə bilər. Komandamıza uğur arzulayıram".
Qeyd edək ki, "Sabah" ilə TNS arasında cavab görüşü iyulun 14-də Uelsin Ozuestri şəhərindəki "Park Hall" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Mirağa