
"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti sınağına çıxacaq. Ağdam təmsilçisi 2-ci mərhələnin ilk oyununda Bolqarıstanın ÇSKA komandasını qəbul edəcək.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb "köhlən atlar"ın şanslarını dəyərləndirməsini istədik.
Təcrübəli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ"da heyət dəyişilib, xeyli yeni legioner gəlib. Amma görünən odur ki, sistem eynilə qalır. Ən vacibi də məhz sistemdir. Futbolçular ona uyğunlaşmağa çalışırlar. Yenilənməni nəzərə alsaq, "Qarabağ"dan indi maksimumu tələb etmək yersizdir. Sistem oyundan-oyuna oturacaq. Sevindiricidir ki, komanda bu dəyişikliklərdən sonra da nəticə verir. "Qarabağ"ın illərdir Avropada oynaması, ardıcıllığın olması nəticələrin əldə olunmasına birbaşa təsir göstərir. Liqa mərhələsində adlı-sanlı komandalarla oynadıqları üçün klub olaraq da püxtələşiblər. Məşqçilərin də yetərli qədər təcrübəsi var. Odur ki, təsnifat mərhələlərində onlar üçün elə də ağır olmur. Düzdür, Bolqarıstan ÇSKA-sı sıradan rəqib deyil. Amma "Qarabağ" cütün favoritidir. Mən komandamızın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm".
Qeyd edək ki, "Qarabağ" ÇSKA ilə ilk matçını bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Oyun saat 20:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması bir həftə sonra Sofiyada reallaşacaq.
Mirağa