
Azərbaycanlı futbol azarkeşlərinə yaxşı tanış olan, uzun müddət "Qarabağ"ın şərəfini qorumuş Luka Quqeşaşvili karyerasında növbəti addımı atmağa hazırlanır.
Fanat.Az xəbər verir ki, Türkiyə Superliqasının iddialı təmsilçilərindən olan "Göztəpə" 27 yaşlı gürcüstanlı kiperi heyətinə qatmağa çox yaxındır.
İzmir klubunun rəhbərliyi həm təcrübəli qapıçının özü, həm də onun müqavilə ilə məxsus olduğu PAOK-la danışıqlarda artıq yekun mərhələyə qədəm qoyub.
Xatırladaq ki, Quqeşaşvili 2022-2024-cü illər aralığında "Qarabağ"ın formasını geyinib. Ağdam təmsilçisinin heyətində keçirdiyi 2,5 mövsüm ərzində ümumilikdə 44 rəsmi matçda meydana çıxan 196 sm boya malik qapıçı, bu qarşılaşmaların 19-da qapısını toxunulmaz saxlamağı bacarıb. "Köhlən atlar"ın heyətində 3 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olan gürcüstanlı qolkiper, həmçinin komandanın avrokubok matçlarında da etibarlı oyunu ilə yadda qalıb.
Kamil Xudiyev