
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" dünən Sumqayıtda "Payde" ilə üz-üzə gəldi. Təmsilçimiz nə qədər üstün oyun nümayiş etdirsə də, qol imkanlarından yararlana bilmədi. İlk matçda məğlub olan "qartallar" (0:1) ev oyununu 1:1 hesablı bərabərliklə başa vuraraq turnirlə vidalaşdı. Azərbaycan millisinin sabiq yarımüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb cavab oyunu ilə bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm. Yəni hələ erkən qol da vurduq. Ortalama olaraq yeddi-səkkiz qol imkanı yaratsaq belə, onun yalnız birini qola çevirə bildik. Taktiki olaraq hesab edirəm ki, ölkə təmsilçisi kifayət qədər doğru bir strategiya seçmişdi və düzgün də yerinə yetirirdi. Məşqçini qayğılandıran əsas məqamlardan biri qol imkanlarının yaradılmasıdır. Məncə, "Zirə" kifayət qədər qol epizodlarına girdi. Lakin ələ düşən fürsətləri reallaşdıra bilməməyinin səbəbini oyunçu keyfiyyəti ilə də əlaqələndirə bilmirəm. Məsələn, Eren Aydının ikinci hissədə yaxın məsafədən topu qapıya göndərə bilməməsini keyfiyyətlə əlaqələndirmirəm. Eləcə də həmin futbolçunun digər epizodda "doqquzluğ"a vurduğu top qapı tirindən qayıtdı, daha sonra xəttin üstünə dəyib qapıya girmədi. Yəni buna yalnız bəxtsizlik deyirəm.
İdeal oynadıqmı? Xeyr, yəqin ki, əla oynamadıq. Bu qədər öndə oynayırsansa, bu qədər riskli oynayırsansa, istər-istəməz rəqib bir-iki şans qazana bilir. "Payde"nin elə bu kiçik şansdan istifadə etməsi sonda hesabın bərabərləşməsi ilə nəticələndi və "Zirə" uduzan tərəf oldu".
Qeyd edək ki, "Payde" KL-in 3-cü təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.
Əlisahib İbrahimli