
“Qarabağ” sabah UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Tvente” ilə qarşılaşacaq. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə Bakıda mətbuat konfransı keçirdib və jurnalistlərin suallarını cavablayıb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis matçla bağlı gözləntilərini bildirib:
“Əvvəlcə, "Sabah”ı təbrik edirəm və uğurlar arzulayıram.
Bizi çox vacib oyun gözləyir. Maraqlı görüş olacaq. Şanslarımızdan maksimum istifadə etməyə çalışacağıq".
- “Qarabağ” səfərdə qalib gəldiyi oyunlardan sonra yalnız “Hapoel”lə cavab oyununda uğursuz olub. “Tvente” o cür sonluq yaşada bilər?
- İldən-ilə futbol dəyişir. Asan cavab veriləsi sual deyil. Fərqli heyətimiz var idi. Rəqibdən çox özümüzü dəyərləndirmişəm. Bütün heyətlə oyuna hazırıqmı deyə. Futboldur, istənilən nəticə ola bilər. Mən elə şeylərə önəm vermirəm ki, səfərdə qalib gəlmişik və ya uduzmuşuq.
- Bu günə kimi 3 yerli futbolçumuz mərhələ adlamaq üçün qol vurub. Hazırda onların qol vurması təsadüfdür, yoxsa xarakterdir?
- Təsafüf deməzdim. Bəlkə də onların alın yazısıdır. Azərbaycanlı adının olması sevindirici haldır. Hər oyunçunun üzərinə düşən çətinliklər olur. Əsas məsələ onun üstündən gəlməkdir.
- Belə oyunlarda sizin üçün təhlükə nədir?
- Hesabda öndə olmağımız. Çünki rəqib öz maksimumu ilə meydanda olur. Ancaq öndə olmağımız əlavə üstünlükdür. Hər şey öz əlimizdədir. Rəqib baxımlı futbol oynayır. Sistematik oyun sərgiləyirlər. Özüm də bu cür oyun xoşlayıram. Maraqlı olacaq.
- Gənc futbolçulara şans verirsiniz. Hikmət Cəbrayılzadə və Əli Bəşirov psixoloji olaraq hazırdırlarmı?
- Hikmətdə problem olmaz. Oyunlarda çıxış edib. Əli Bəşirov üçün risk ola bilər. Həyəcan olur və bu, sevincdən irəli gəlir. Lazım olsa, çəkinmədən meydana buraxmağa hazıram. Hər kəs səhvlərlə böyüyür.
- “Qarabağ”da dəyişiklik gözlənilirmi və xüsusi tapşırıq var?
- Tapşırıq olacaq. Rəqibin çox dəyişiklik edəcəyini gözləmirəm. Hər halda, dəyişiklik olacaq.
- Musa Qurbanlı “Dinamo Kiyev”lə oyundan sonra özünəinamlı görünür. “Tvente” ilə ötən oyuna da start heyətdə başladı. Onu sabah da ilk dəqiqələrdən meydanda görə biləcəyikmi?
- İstənilən oyunçunun meydanda olmaq şansı var. O, son vaxtlar özünü yaxşı tərəfdən göstərir. Gözləyirik daha da yaxşı olsun. Rəqiblər də artıq Azərbaycan klublarını ciddiyə almağa başlayıblar. Bunun bizə faydası çoxdur.
- Dieqo Rosanı komandada görə bilərik?
- Bilmirəm. Ola bilər. Çox adlar var. Hər şey mümkündür.
- Əvvəlki “Tvente” güclüdür, yoxsa hazırkı?
- Bu səviyyədə zəif komanda olmur. Əminəm ki, bundan 5 il əvvəlki futbol və indiki ilə arasında hər cəhətdən çox fərq var.
- Taofiq İsmael danışıqlar nə dərəcədə doğrudur?
-O da ola bilər.
- “Qarabağ” “Dinamo Zaqreb”lə oynayanda Marko Piyatsa qol vurmuşdu. O, indi də “Tvente”dədir. Xüsusi tədbir görüləcək?
- Hər oyunçunun üstün tərəfi olur. Onun üçün də futbolçular üzrə də analizlər aparırıq və hər birinə qarşı diqqətli olmaq lazımdır. Hücum potensialları yuxarıdır.
Əlisahib İbrahimli