
Dünən Misli Premyer Liqasında 3-cü tura yekun vuruldu.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb liqadan və komandalardan gözləntilərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Ən azı çempionatın üçdəbir hissəsi keçməlidir ki, biz kimin autsayder, kimin ilk "3-lük"də ola biləcəyini müəyyən edə bilək. Çünki üç tur hələ heç nə demək deyil. Məsələn, üç tura "Zirə" yüzfaizlik nəticə əldə edib. Üç oyunda üç qələbəsi var. Amma bəzi komandaların da oyun əskiklikləri var. İlk "3-lüy"ə yekunda kimin girəcəyini demək çətindir. Amma çempionluq uğrunda "Qarabağ"la "Sabah"ın mübarizə aparacağı açıq-aşkar görünür. Digər komandalarda ilk üç turda bir az boşluqlar olduğu sezilir. "Neftçi"nin "Zirə"yə qalib gələ bilməməsi çempionluq uğrunda mübarizədə ciddi xal itkisidir. O cümlədən "Turan Tovuz"un "Kəpəz"ə qalib gəlməməsi bu komandanın çempionluq iddiasına görə ciddi məğlubiyyətdir. Bütün bunları nəzərə alsaq, ilk iki yeri "Qarabağ"la "Sabah"ın öz aralarında böləcəkləri görünür. "Zirə" yüzfaizli nəticə əldə etsə də, maliyyə imkanları, oyunçu keyfiyyəti "köhlənlər" və "bayquşlar"a nəzərən o qədər də böyük deyil. Yəni "Zirə"nin potensialı yoxdur ki, birinci yer uğrunda yüzdə yüz mübarizə aparsın. Ola bilər, hansısa bir oyunda ya Ağdam təmsilçisinə, ya da "Sabah"a qalib gələ bilərlər, amma çempionat boyu bu tempi saxlamaq onlar üçün asan olmayacaq. Mənə elə gəlir ki, "Neftçi", "Turan Tovuz" və "Zirə" üçüncü yer uğrunda amansız mübarizə aparacaqlar. Autsayderlər isə axara baxası olsaq, istənilən komanda rəqibinə qalib gəlməyi bacarır. Bu baxımdan kimin sonuncu olacağını ilk üç turdan sonra demək çox çətindir. İstər "Araz-Naxçıvan", istərsə "Sumqayıt", istərsə də "İmişli", "Şəfa", "Kəpəz", bu komandalar ortalama olaraq götürəsi olsaq, hələki eyni səviyyədədirlər".
Əlisahib İbrahimli