
"Hypers"lə Bərdədəki matçda çox vacib qələbə qazandıq. Bakıdan Bərdiyə təxminən 5 saat yol gəlmişdik və oyuna cəmi 1 saat qalmış meydana çatdıq. Hava da kifayət qədər isti idi. Buna baxmayaraq, futbolçularımız xarakter göstərdilər və kişi kimi mübarizə apararaq çox yaxşı oyunla 2:1 hesablı qələbə qazandılar. Biz bir həftə öncə bu oyundan nə istədiğimizi bilirdik. Yaxşi hazırlaşmaqla bu oyuna qalib gəldik".
Bunu "Dinamo"nun baş məşqçisi İsmayıl Vəkiliqazicahani Fanat.Az-a açıqlamasında belə deyib.
2-ci Liqanın 4-cü turu çərçivəsində "Hypers"i səfərdə 2:1 hesabı ilə məğlub edən Bakı klubunun cənubi azərbaycanlı çalışdırıcısı onu narazı salan məqamlardan da danışıb:
"Əslində, hesab daha böyük də ola bilərdi. Oyunda çoxsaylı yüzfaizlik qol imkanlarımız oldu, amma təəssüf ki, həmin fürsətləri dəyərləndirə bilmədik. Əsas olan komandanın sona qədər mübarizə aparması və qələbəni əldə etməsidir.
Əvvəlki iki oyuna — "Zəngəzur" və "Ağstafa Gəncləri" ilə qarşılaşmalara da nəzər salsaq, düşünürəm ki, hər ikisində qələbəyə layiq idik. Hücum futbolu oynadıq, çoxlu qol epizodları yaratdıq, penaltini boşa verdik... Sadəcə, bəzi uşaqvari səhvlər nəticəsində həmin oyunlarda istədiyimiz nəticəni ala bilmədik. Son dörd oyunda yaratdığımız qol imkanlarının sayına baxsaq, rahatlıqla deyə bilərəm ki, daha çox xal toplaya bilərdik. Nəticədə daha rahat şəkildə turnir cədvəlinin zirvəsində ola bilərdik. Amma futbol belədir. Əsas odur səhvlərimizdən nəticə çıxaraq və yolumuza davam edək.
Komandama və futbolçularıma inanıram. Qarşıda uzun mövsüm var və əminəm ki, yenidən zirvəyə qayıdacağıq. İnşallah, bu mövsümün sonunda "Dinamo" çempion olacaq!"
Qeyd edək ki, ilk 4 turda 6 xal toplayan "Dinamo" hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Mirağa