
UEFA Millətlər Liqasında 3-cü tur başlayır.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması bu gün növbəti matçına çıxacaq.
D Liqasında mübarizə aparan seçməmiz qrupdakı ikinci oyununu Lixtenşteynə qarşı keçirəcək.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv rəqibini Tofiq Bəhramov adına respublika stadionunda qəbul edəcək. Oyun saat 20:00-da start götürəcək.
Qarşılaşmanı Avstriyadan olan hakimlər idarə edəcəklər. Oyunun baş hakimi Kristian Petru Çoçirka olacaq.
Xatırladaq ki, millimiz qrupdakı ilk oyununu səfərdə Litva yığmasına qarşı keçirib və 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Lixtenşteyn isə iık tur çərçivəsində evdə Litvaya 0:2 hesabıyla uduzub.
Azərbaycan millisi növbəti oyununu 4 oktyabrda Bakıda Litva yığmasına qarşı keçirəcək.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
1 oktyabr
20:00. Azərbaycan – Lixtenşteyn
Baş hakim: Kristian-Petru Çoçirka, Maksimilian Vays, Mihael Obritsberqer, Şafak Parmaksız (hamısı Avstriya).
VAR: Manuel Şyuttenqruber (Avstriya).
AVAR: Aleksander Harkam (Avstriya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.