
Azərbaycan millisi bu gün Lixteynşteynlə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, görüş 0:0 hesabı ilə başa çatıb.
Matçdan sonra Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
"Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Vəziyyətimiz çətinləşdi. Qol epizodlarından istifadə edə bilmədik. Günahkar axtarmayacağıq. Digər matçlara hazırlaşacağıq."
- Rəqib məşqçi peşəkar olmadıqlarını və başqa sahələrdə çalışdıqlarını bildirdilər. Bizim futbolçular hansı sahələrdə çalışsalar uğurlu olar?
"Hamınız haqlısız. Lixtenşteyni udmağa məcburuq. Rəqib peşəkardır, peşəkar deyil, bunu müzakirə etmək mənə düşmür. Amma biz performansımızdan zəif çıxış etdik, bunu hamı gördü. Çıxış yolu Litva matçında qalib gəlməkdir."
- Rəhbərlik sizi istefaya göndərsə, təzminatdan imtina edəcəksiniz?
"Müqaviləmiz qışa qədərdir. Biz bura ən ağır dönəmdə gəldik. Məsuliyyətdən qaçınmadıq. Rəhbərlik nə qərar versə mən onlardan razıyam. Vaxt hər şeyi göstərəcək."
- Oyunun startından etibarən oyunçularda gərginlik var idi. Ən çox Vüsal İsgəndərlidə hiss olunurdu. Bunun səbəbi nə idi?
"Vüsalı yəqin ki, yaxşı izləmirsiniz. Hücumlarımız alınmırdı. Bu komandanın fərqi yaxşı müdafiə olunmasıdır. Dünən də bunu qeyd etdim. Vüsal həmişə belə aqressivdir."
- Üç gündən sonrakı oyuna komandanı psixoloji cəhətdən hazırlamaq nə dərəcə çətindir?
"Asan deyil. Bütün məsuliyyət məndədir. İstirahət edəcək oyunçularımız olacaq."
- Siz gəldikdən sonra komanda irəliləyib, yoxsa daha da zəifləyib?
"Mən bütün yoldaşlıq oyunların məğlub olan komandaya gəlmişdim. Əzmkarlıq artdı. Gənc oyunçular gəldi. Lakin bu yetərli deyil. Hücumçu problemimiz var. Buna vaxt lazımdır. Mən və ya başqası olsun. Zaman önəmlidir."
- Siz özünüz psixoloji cəhətdən təzyiqləri qarşılaya biləcəksiniz?
"Mən bura gələndə belə şeyləri düşünüb gəldim. Bu təzyiqlərin olacağını bilirdik."
- Dünən U-21-in oyunu oldu gənc nəsildən razısınız? Azərbaycan futbolunda işıq görürsünüz?
"Bu haqda çox danışmaq olar. Əsas akademiyalardır. Olanımız budur."
- Qapıya vurulan zərbələr azlıq təşkil edir. İki matçda bir qol vurulub. Nə etmək lazımdır ki, rəqibi məğlub etmək mümkün olsun?
"Qapıya zərbə üzrə çalışmaq bizim işimiz deyil. Vaxt az olur. Ümid edək ki, Litva oyununda zərbələr və qollar olacaq."
Əlisahib İbrahimli