Bu gün ABŞ-da sərbəst və qadın güləşi üzrə Dünya Kuboku yarışı start götürəcək.
Fanat.Az xəbər verir ki, Ayova ştatının Koralvill şəhərində keçiriləcək yarışda Azərbaycan fərdi qaydada təmsil olunacaq.
Qadınlardan son dünya çempionatının beşincisi Jalə Əliyeva (57 kq), kişilərdən isə son iki dünya çempionatının bürünc medalçısı Osman Nurməhəmmədov (92 kq) Dünya yığmasının heyətində mübarizə aparacaq.
Qadınların Dünya Kubokunda Dünya yığması ilə yanaşı ABŞ, Yaponiya, Monqolustan, Ukrayna və Çin yarışacaq. Kişilərdə isə ABŞ, Gürcüstan, Monqolustan, İran və Yaponiya çıxış edəcək.
Reqlamentə əsasən, ilk gündə qrup görüşləri keçiriləcək. Qrup qalibləri finala vəsiqə qazanacaq. İkinci yeri tutanlar isə bürünc medal uğrunda qarşılaşacaq. Medal görüşləri dekabrın 11-də baş tutacaq.