Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, son gün sərbəst güləşçilər medallar uğrunda mübarizə aparacaqlar.
Azərbaycan millisinin də 3 güləşçisi təsəlliverici görüşlərdə xalça üzərinə çıxacaq.
Nurəddin Novruzov (61 kq) Peter Hammerlə (Kosta-Rika) qarşılaşacaq.
79 kq çəki dərəcəsində Orxan Abasov Monqolustan idmançısı Suldxu Olonbayarla güləşcək.
Abubakr Abakarov (92 kq) isə Devid Teylor (ABŞ) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qızıl medal qazanıb.