Güləş yığmalarımız qarşıdakı mühüm yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarına start verib.
Fanat.Az AGF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, sərbəst güləş üzrə millimiz baş məşqçi Namiq Abdullayev və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda təlim-məşq toplanışına başlayıb. Yanvarın 4-dən etibarən komandamız gündə iki dəfə olmaqla məşq keçir. Hazırlıq prosesi yanvarın 14-dək davam edəcək.
Digər millilərimiz isə təlim-məşq toplanışı keçmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıb. Qadınlardan ibarət yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yanvarın 4-dən 20-dək qonşu ölkədə yerli komandayla birgə hazırlıq keçəcək. Yunan-Roma güləşi üzrə millimiz də Türkiyə yığmasıyla birgə TMT-də iştirak edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin nəzarəti altında sabah start götürəcək birgə toplanış yanvarın 16-dək davam edəcək.