Yaponiyanın Tokio 2020-dəki bayraqdarları müəyyənləşib.
Fanat.az xəbər verir ki, Olimpiya Oyunlarının açılış mərasimində təşkilatçı ölkənin bayrağını Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında çıxış edən "Vaşinqton Uizards" klubunun üzvü Rui Haşimura və qadın güləşçi Yui Susaki aparacaq.
22 yaşlı ikiqat dünya çempionu Susakinin adı azərbaycanlı güləş həvəskarlarına yaxşı tanışdır. Belə ki, o, 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının finalında təmsilçimiz Mariya Stadniki məğlub edərək 50 kiloqram çəkidə planetin ən güclüsü olub. Yui Tokio-2020-də də üçqat Olimpiya mükafatçımızın rəqiblərindən biridir.
Sahib Əsədbəyli