Ukraynanı təmsil edən əslən azərbaycanlı güləşçi Pərviz Nəsibov Tokio 2020 Yay Olimpiya Oyunlarınım gümüş medalını qazanıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı yunan-Roma güləşçisi 67 kq çəki dərəcəsinin finalında iranlı Məhəmmədreza Geraiyə 1:9 hesabı ilə uduzub.
67 kq-da bürünc medallara isə almaniyalı Frank Staebler və misirli Məhəmməd İbrahim Əl-Sayed yiyələnib.
Bu, Ukraynanın Tokio 2020-nin yunan-Roma güləşi yarışlarında ilk medalıdır.
Qeyd edək ki, Pərviz Nəsibov Ağstafa rayonunun Muğanlı kəndində doğulub. İdmançı 6 yaşında olarkən ailəsi ilə Ukraynaya köçüb. O, cari ilin mayında Bolqarıstanda keçirilən Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə (Dünya Təsnifat) Azərbaycan təmsilçisi Rəsul Çunayevi məğlub etmişdi.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol