Sərbəst güləş millimizin üzvləri Hacı Əliyev (65 kq), Şərifov, həmçinin qadın güləşçimiz Mariya Stadnik Tokio 2020-də mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, Hacı Əliyev Olimpiadanın finalına yüksəlib, digər iki güləşçimiz isə bürünc medal uğrunda mübarizə aparacaq.
İlk mərhələdə seneqallı Adama Diattanı 4:0 məğlub edən Hacı, ardınca qazaxıstanlı Daulet Niyazbekova heç bir şans verməyib - 9:1. Finala gedən yolda isə güləşçimizin rəqibi hindistanlı Bajranq Puniya olub. Hacı 12:5 hesabı ilə qalib gələrək, həlledici görüşə yüksəlib.
Üçqat dünya və üçqat Avropa çempionumuz kolleksiyasında çatışmayan yeganə mükafat uğrunda yaponiyalı Takuto Otoquro ilə üz-üzə gələcək.
3 qat Olimpiya mükafatçımız Mariya Stadnik isə ilk görüşdə Rusiya Olimpiya Komitəsinin nümayəndəsi Stalvira Orşuşu 11:7 hesabı ilə yenib. 8 qat Avropa çempionumuz 1/4 finalda tunisli Sarra Hamdi ilə üz-üzə gəlib.
Qarşılaşmanı vaxtından əvvəl bitirən 33 yaşlı güləşçimiz (10:0) yarımfinala adlayıb. Stadnik burada yaponiyalı ikiqat dünya çempionu Yui Susakiyə uduzub - 0:11. Mariya bürünc medal uğrunda mübarizə aparacaq.
Olimpiya çempionumuz Şərif Şərifov isə ilk mərhələdə Abdulrəşid Sadulllayevə (Rusiya Olimpiya Komitəsi) 0:5 hesabı ilə uduzub.
Rusiyalı Olimpiya və 4 qat dünya çempionu finala yüksəldiyindən Şərifov təsəlliverici görüşlərə qatılacaq.
Qeyd edək ki, final və bürünc medallar uğrunda qarşılaşmalar sabah baş tutacaq.
Sahib Əsədbəyli