"Keçmişdə buraxdığım bəzi səhvləri təhlil edib, üzərimdə çalışmışam. Bu yarışda medal uğrunda mübarizə apara bilərəm".
Bu fikirləri Fanat.Az-a dünya çempionatı barədə danışarkən Azərbaycan yunan-Roma güləşi millisinin üzvü Sənan Süleymanov deyib.
2-10 oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək məsul yarışda 77 kiloqram çəki dərəcəsi üzrə ölkəmizi təmsil edəcək 24 yaşlı güləşçi zədəsi ilə bağlı son durumu açıqlayıb.
"Zədəmlə bağlı təlim-məşqlərə gec qoşulsam da, artıq toparlanmışam. Düzdür, hazırlıqlarla paralel müalicəmi də davam etdirirdim. Amma düşünürəm, zədə mənə ciddi problem yaratmamalıdır. Hər zamankı kimi bu dünya çempionatında da rəqabət böyük olacaq. Xüsusən bizim çəki orta çəki olduğundan, həmişə uğur qazanmaq çətin olub".
Uzun illərdən sonra Olimpiya çəkisində Azərbaycana qitə çempionatının qızıl medalını qazandıran (Roma-2020) "klassik" karyerasında ilk mundial mükafatına iddialıdır:
"Bu ilin Avropa çempionatında uduzduğum görüşün videosuna dəfələrlə baxmışam. Orada mən uduzmamışdım. Amma yenə toparlanıb üçüncü yeri götürməklə öz gücümü sübut elədim. Ondan əvvəl isə Olimpiya Oyunlarına lisenziya qazanmaq şansım var idi, əlimdən buraxdım. Keçmişdə bəzi səhvlərim olub. Onları təhlil edib, öz üzərimdə çalışmışam. Bu yarışda medal uğrunda mübarizə apara bilərəm".
Sahib Əsədbəyli