Sərbəst güləşçi Cordan Barrouz ABŞ tarixində bir rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, Norveçin paytaxtı Osloda təşkil olunan mundialın 79 kiloqram çəki dərəcəsi üzrə final qarşılaşmasında İran təmsilçisini yenərək karyerasında beşinci dəfə yarışın baş mükafatına sahib çıxan 33 yaşlı güləşçi sərbəst növdəki dünya çempionluqlarının sayına görə ölkəsində hamını qabaqlayıb.
Bildirək ki, o, 2011-ci ildə İstanbulda keçirilən mundialın yarımfinalında Azərbaycan təmsilçisi Əşrəf Əliyevi, 2013-cü ildə Budapeştdə baş tutan analoji yarışın 1/4 finalında isə sərbəst güləş millimizin keçmiş kapitanı, üçqat Avropa çempionu, Rio 2016-nın bürünc mükafatçısı Cəbrayıl Həsənovu məğlub edərək sonradan dünya çempionu olmuşdu.
Digər DÇ "qızıl"larını 2015 və 2017-ci illərdə qazanan Barrouz həmçinin London 2012 Yay Olimpiya Oyunlarının qalibidir.
Sahib Əsədbəyli