13:46 07.10.2021 1645

Olimpiya mükafatçısı: \"Dedim, birinci müəllimim Əliyar Əliyevdir, hirsindən kağızı cırdı\"

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Milli Qəhrəman Əliyar Əliyevin tələbəsi, yunan-Roma güləşi üzrə dünya çempionu, Afina 2004 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Heydər Məmmədəliyev Fanat.Az-a müsahibə verib.

Titullarını Rusiya adına qazanan və artıq uzun illərdir bu ölkədə yaşayan həmyerlimizlə ilk məşqçisi Əliyar Əliyevin anım günündə (red: 3 oktyabr - S.Ə) söhbətləşdik.

- Heydər bəy, hazırda hansı fəaliyyətlə məşğul olursunuz? 
- Yaşadığım Yekaterinburq şəhərində məşqçi kimi çalışıram. Burada 2009-cu ildən indiyə qədər adıma turnir təşkil olunur. Yarış yeniyetmələr arasında keçirilir və Rusiya Güləş Federasiyasının təqvimində yer alır. Müəyyən illərdə Azərbaycandan və digər ölkələrdən də güləşçilər gəlib iştirak ediblər.

- Azərbaycanla əlaqələriniz necədir?  Doğma vətəninizə gəlib-gedirsinizmi?
- Burada bircə böyük qardaşım yaşayır. Qalan bütün doğmalarım Azərbaycandadır. Pandemiya başlayana qədər hər il gəlib-gedirdim. İnşallah, yaxın vaxtlarda yenidən gələcəyəm. Əsas anam üçün çox darıxmışam. 

- Qubadlı güləş məktəbinin yetirməsisiniz. İlk məşqçiniz də bu gün anım gününü qeyd etdiyimiz Milli Qəhrəman, SSRİ idman ustası Əliyar Əliyev olub. Onunla bağlı hansı xatirələriniz yada düşür?
- Məndən öncə böyük qardaşlarım güləşə yazılmışdılar. Gördülər ki, nadinc, bir yerdə dayanmayan uşağam, qərara gəldilər məni də özləri ilə məşqə aparsınlar. 10 yaşımdan Qubadlı şəhərində, Əliyar Əliyevin yanında yunan-Roma güləşinin sırlərini öyrənməyə başladım.

Sonradan Bakıya, oradan da Rusiyaya gəlsəm də, hər yerdə demişəm ki, mənim peşəkar güləşçi kimi yetişməyimdə ən böyük rolu Əliyar müəllim oynayıb. Bizə idman sevgisini, əzmi o aşılayıb. Əliyar Əliyev mərd, qorxmaz insan idi. Biz onun yanında heç nədən çəkinməzdik. Ən doğma insanımız kimi yanaşırdıq. 

Yadımdadır ki, qarmonu var idi, Bakıya, bölgələrə  gedəndə həmişə özü ilə götürürdü. İfası ilə hamını şənləndirirdi. Onun sayəsində yarışlara getmək bizim üçün ən xoş əyləncə idi. 

 1987-ci ildə Bakıya, indiki Respublika Olimpiya İdman Liseyinə gəldim. Amma yay tətillərində Qubadıya gedəndə yenə Əliyar müəllimin məşqlərinə qatılırdım.

- Əliyar Əliyevin ən titullu tələbəsi sizsiniz. Çox güman ki, potensialınız əvvəldən onun diqqətini çəkib...
- Üç-dörd uşaq var idi ki, həmişə fərqləndirirdi. Onlardan biri mən olmuşam. Onun Belarusdan olan Viktor adında bir dostu var idi. O, bizim zala gələndə məni göstərib demişdi ki, bu uşaq gələcəyin çempionudur. 

- Müəlliminizdən öyrəndiyiniz əsas xüsusiyyət kimi nəyi vurğulaya bilərsiniz?
- O, həmişə haqqın yanında olub. Bizə də bunu aşılayıb.

1991-ci ildə yeniyetmələr arasında respublika çempionu olmuşdum. Adım idman ustalığına təqdim olunmalı idi. Bu gün həyatda olmadığı üçün adını çəkmək istəmədiyim şəxs təklif etdi ki, birinci məşqçim kimi onun adını qeyd edim. Əliyar müəllim də o vaxt Bakıda idi. Həmin gün görüşdük, məsələni danışdım. Əvvəlcə susdu, sonra dedi ki, sən necə istəyirsənsə, elə olsun. Amma onun qəribə bir baxışı var idi, o mənə kifayət etdi ki, əslində, nə demək istədiyini başa düşüm. Sabahı gün həmin şəxs fikrimi soruşanda dedim ki, mənim ilk məşqçim Əliyar müəllimdir. O da hirsindən hamının içində anketi cırıb tulladı.

- Doğulub-böyüdüyünüz Qubadlı rayonu artıq işğaldan azad olunub. Vətənə döndükdə, yəqin ki, uşaq-yeniyetməlik xatirələrinizin bağlı olduğu yerləri də ziyarət edəcəksiniz...
- Mütləq gedəcəyəm. Ömrümün ən gözəl illəri orada keçib. Min bir zəhmətlə ev tikmişdik. Rayon işğaldan azad olunandan sonra ora gedən dostların dediyinə görə, həmin evdən əsər-əlamət də qalmayıb. Amma torpaq ki yerindədir. Oranın qoxusunu ciyərlərimə çəkmək üçün burnumun ucu göynəyir. Əliyarın məzarı da ordadır. Getsəm, ilk üz tutacağım yer onun məzarı olacaq.

- Maraqlıdır, o vaxt Azərbaycandan getməyinizə nə səbəb olmuşdu?
- 1991-ci ildən 1998-ci ilə kimi Azərbaycan çempionatlarında həmişə qalib olub, yer tutmuşam. Amma böyük yarışlara yollanmaq məqamı gələndə yaddan çıxırdım. 1998-ci ildə yenidən respublika çempionu oldum. Amma mənim çəkimdə Avropa çempionatına həmin il digər çəkidə ölkə çempionu olan Vilayət Ağayevi apardılar. Yaş gedirdi, mən isə yerimdə sayırdım. Qardaşım o vaxtdan Rusiyada yaşayır. O mənə təklif etdi ki, gəlim bura. Azərbaycandan gedəndə dedim ki, soyadımı yadda saxlayarsınız. Növbəti ildən ardıcıl qələbələr qazandım. Rusiya çempionu, mükafatçısı, İvan Poddubnı turnirinin qalibi oldum. Beləliklə, dünya çempionatına yolum açıldı. 2002-ci ildə dünya çempionu, 2004-də Olimpiya mükafatçısı oldum.

- Rusiya yığması ilə dünya çempionu, Olimpiya finalçısı olmaq bir yana, komandanın heyətinə düşmək belə, həmişə çətin olub. Bu nəticələrlə özünüzü Azərbaycanda sizə etimad göstərməyənlərə artıqlamasıyla sübut etdiyinizi demək olar. Konkret olaraq hansısa şəxs varmı ki, bu baxımdan ilk növbədə onun adını çəkəsiniz?
- O vaxtdan uzun zaman keçib. Kimlərsə də artıq həyatda yoxdur. Ona görə təzədən hər şeyi açıb-ağartmaq istəmirəm. Sadəcə, onu deyim ki, o vaxt bəziləri mənim haqqımda "ondan güləşən olmaz" deyirdi.

Sözün açığı, mən Olimpiadadakı gümüş medalı böyük uğur saymıram. Mənim üçün uğur ya "qızıl"dır, ya "bürünc". Uduzub aldığın medalın ləzzəti olmur.

- Azərbaycan güləşçilərinin çıxışını izləyirsinizmi?
- İzləyirəm. Veteran güləşçilərin bir neçəsi ilə yaxın münasibətim də var. Bakıya gələndə görüşüb bir araya gəlirik. Həftəsonları yığışıb basketbol oynayırıq.

- Güləşçilərimizin Tokio-2020-dəki çıxışı barədə nə deyə bilərsiniz?
- Qızıl qazanılmasa da, gümüş və bürünc medallar oldu. Ən azından güləşçilərin medal ənənəsi davam elədi. 

- Ancaq bu, yerli ictimaiyyəti qane etmədi. Dövlət başçısı İlham Əliyev də Olimpiadadan sonra ümumən idmanımızın durumu barədə narahatlığını ifadə etdi.
- Toxunulası məqamlar var, əlbəttə. Sadəcə, onları qeyd etsəm, deyəcəklər, orda oturub qərəzli fikirlər yürüdür.

- Sizcə, Paris-2024-də nəticəni yaxşılaşdırmaq mümkün olacaq?
- Mümkündür. İstedadlı uşaqlar var. Cavanlardan xüsusilə gənclər arasında son dünya və Avropa çempionatlarının qalibi Həsrət Cəfərovun adını çəkə bilərəm. İstedadlı güləşçidir. Nəticələrinə qane olmayıb üzərində çalışsa, Parisdə onun fəxri kürsüdə olacağını düşünürəm. 

- Uzun müddətdir Rusiyada çalışırsınız. Oradakı güləşçilər, ümumən güləşə, idmana yanaşma ilə bizdəki arasında hansı fərqləri müşahidə edirsiniz?
- Bu sualı qeyd etdiyim arxayınlaşma söhbətinə görə verdinizsə, deyim ki, o burada da olur. Həmçinin Azərbaycanda olduğu kimi, özününkünü irəli çəkməyə çalışan məşqçilər Rusiyanın hər yerində də var. 

- İndiyədək Azərbaycanda hər hansı yığmada məşqçi işləməklə bağlı təklif almısınız?
- Xeyr.

- Belə bir təklif olsa, dəyərləndirərsiniz? 
- Bəli.

Sahib Əsədbəyli 

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
23:13

AL: "Roma" "Bayer"in məğlubiyyətsizliyinə son qoya biləcək? - YENİLƏNİR

23:07

KL: İtaliyada erkən qol - YENİLƏNİR

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X