Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, beşinci yarış günündə sərbəst güləşçilərin mübarizəsinə start verilib.
57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə debütdə Almaniya təmsilçisinə qalib gəlib. Rzazadə daha sonra Tacikistan güləşçisinə aman verməyib. 1/4 finalda ermənistanlı Manvel Xndzrtsyana gücünü göstərən Əliabbas yarımfinalda Saurab İqaveni (Hindistan) xalların keyfiyyətinə görə üstələyərək adını finala yazdırıb. Pəhləvanımız finalda qırğızıstanlı Bekbolot Mirzanazarla münasibətlərinə aydınlıq gətirəcək.
65 kq-da yarışan Zirəddin Bayramov rəqibi xalçaya çıxmadığı üçün güləşmədən ikinci mərhələyə yüksəlib. Bayramov ikinci görüşdə ABŞ təmsilçisinə gücünü göstərib. Lakin o, 1/4 finalda rusiyalı İbrahim Abdurrəhmanov səddini keçə bilməyib.
Rəqib finala yüksəldiyindən, idmançımız təsəlliverici görüşlərə qatılacaq.
Murad Yevloyev (70 kq) startda ukraynalı həmkarını üstələyib. Ardınca Gürcüstan güləşçisinə gücünü göstərən idmançımız 1/4 finalda Tacikistandan olan rəqibinə də də şans verməyib. Lakin yarımfinalda qırğızıstanlı Ernazar Axmataliyev güləşçimizdən daha güclü olub.
79 kq-dakı təmsilçimiz Əşrəf Aşırov təsnifat mərhələsində Monqolustan idmançısından güclü olub. Aşırov 1/8 finalda Ukraynadan olan rəqibini məyus edib. 1/4 finalda İsveçrə idmançısına da şans tanımayan idmançımız adını yarımfinala yazdırıb. Bu mərhələdə rusiyalı Maqomed Maqomayevlə qarşılaşan güləşçimiz rəqibi ilə bacarmayıb.
İslam İlyasov (97 kq) isə startda Rusiya idmançısına uduzub. Rəqib sonrakı mərhələdə uduzduğundan güləşçimiz bürünc şansını da itirib.
Təsəlliverici və medal qarşılaşmaları sabah baş tutacaq.
57 kq
Təsnifat: Əliabbas Rzazadə - Niklas Steşele (Almaniya) 5:1
1/8 final: Əliabbas Rzazadə - Məhəmməd İkramov (Tacikistan) 10:1
1/4 final: Əliabbas Rzazadə - Manvel Xndzrtsyan (Ermənistan) 9:5
1/2 final: Əliabbas Rzazadə - Saurab İqave (Hindistan) *10:10
Final: Əliabbas Rzazadə - Bekbolot Mirzanazar (Qırğızıstan)
65 kq
Təsnifat: Zirəddin Bayramov - Süleyman Karqbo (Sierra Leone) +:-
1/8 final: Zirəddin Bayramov - Domonik Demas (ABŞ) 6:3
1/4 final: Zirəddin Bayramov - İbrahim Abdurrəhmanov (Rusiya) 1:3
Təsəlliverici görüş: Zirəddin Bayramov -
70 kq
Təsnifat: Murad Yevloyev - Denis Borohan (Ukrayna) 6:1
1/8 final: Murad Yevloyev - Giorgi Elbakidze (Gürcüstan) 12:3 (tuşe)
1/4 final: Murad Yevloyev - Mustafa Əhmədov (Tacikistan) 3:0
1/2 final: Murad Yevloyev - Ernazar Akmataliyev (Qırğızıstan) 8:12
Bürünc medal görüşü: Murad Yevloyev -
79 kq
Təsnifat: Əşrəf Aşırov - Batzul Damjin (Monqolustan) 5:1
1/8 final: Əşrəf Aşırov - Valentin Babiy (Ukrayna) 10:4
1/4 final: Əşrəf Aşırov - Tanquy Darbellay (İsveçrə) 10:0
1/2 final: Əşrəf Aşırov - Maqomed Maqomayev (Rusiya) 0:4
Bürünc medal görüşü: Əşrəf Aşırov -
97 kq
1/8 final: İslam İlyasov - Şamil Hacıəliyev (Rusiya) 1:6