Azərbaycanın üç titullu güləşçisi dekabrın 7-də start götürəcək Azərbaycan çempionatında iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, sərbəst güləşçilərdən ikiqat Olimpiya mükafatçısı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (65 kq) və Olimpiya çempionu Şərif Şərifov (97 kq) yarışa qatılmayacaq.
Hər iki idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra bərpa prosesi keçmələrini səbəb göstəriblər.
Yunan-Roma güləşçilərindən isə Tokio-2020-nin bürünc mükafatçısı Rafiq Hüseynov ölkə çempionatını buraxmalı olacaq. 82 çəki dərəcəsində son dünya çempionatının qalibi olan 33 yaşlı idmançı zədə səbəbindən yarışdan kənarda qalacaq.
Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 9-da başa çatacaq.