Azərbaycanın daha iki qadın güləşçisi bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
Fanat.Az xəbər verir ki, 53 kiloqram çəki dərəcəsində çıxış edən Leyla Qurbanova 1/8 final mərhələsində Yuliya Leorda (Moldova) ilə üz-üzə gələcək.
65 kiloqram çəkidəki Elis Manolova 1/4 finalda Aslı Demir (Türkiyə) / Jia Lonq (Çin) cütünün qalibi ilə görüşəcək.
Bu gün həmçinin üç güləşçi təsəlliverici görüşə qatılacaq. Yunan-Roma güləşçilərindən 60 kq-dakı Murad Məmmədov Yustias Petraviçyus / Ahmed Mahmud (Misir) duelinin güclüsü ilə, 130 kq-dakı Sabah Şəriəti Alimxan Sidikovla (Qazaxıstan), qadın güləşçilərdən 62 kq-dakı Tatyana Omelçenko Xiaojuan Luo (Çin) ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 5 yunan-Roma güləşçisi medal qazanıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc mükafata sahib çıxıb.