17:23 08.08.2025 3917

Qol "yeməyən" "Qarabağ", möcüzəyə qalan ümid və çətin hədəf

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Hazırda Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edən komandaların çıxışı yerli futbol ictmaiyyətində ən çox müzakirə olunan mövzudur. Təmsilçilərimizdən "Zirə" mərhələ adlamadan mübarizəni dayandırıbsa, "Qarabağ", "Sabah" və "Araz-Naxçıvan" yollarına davam edirlər. Komandalarımızın sonrakı matçları və nəticələri ilə bağlı indidən nəsə demək çətin olsa da, müxtəlif məqamlar üzərində dayana, ehtimallar səsləndirə bilərik. Bu yazıda mövcud reallığı nəzərdən keçirəcək, eləcə də futbol mütəxəssislərin şərhlərini sizlərlə bölüşəcəyik.

"Zirə" "Hayduk"u keçə bilməsə də...

Ötən mövsüm Misli Premyer Liqasında 2-ci yeri tutan "Zirə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk" səddini keçə bilmədi. Razılaşaq ki, Rəşad Sadıqovun çalışdırdığı kollektivin püşkdə bəxti gətirməmişdi. Təmsilçilərimiz arasında ən çətin rəqibin məhz "qartallar"a düşdüyü sirr deyil. Digər tərəfdən, qəsəbə təmsilçisi güclü Xorvatiya komandası ilə ilk oyunda qol vuran Brahim Konatenin fərqlənəndən bir qədən sonra zədələnməsi üzündən xoş olmayan sürprizlə qarşılaşdı. "Zirə"nin Bakıdakı 1:1-in ardından Splitdə uğur qazanmaq ehtimalı o qədər də çox deyildi. Hərçənd ciddi itkilər fonunda əzmkarlıq nümayiş etdirən kollektiv qonaq qismində də sonadək döyüşdü. Uzatma dəqiqələrində İssa Cibrilla ilə hesaba tarazlıq gətirən Sadıqovun komandası əlavə vaxtda qapısında qol görərək KL ilə vidalaşdı. Bir sözlə, qvineyalı ulduzu Salifu Sumanı "Hayduk"la ilk duel ərəfəsində satan "Zirə" mərhələ keçə bilməsə də, ortaya qoyduğu futbol sayəsində ciddi tənqidlərlə üzləşmədi.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və "Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədovun "Zirə" - "Hayduk" mübarizəsi barədə fikirləri belə oldu: "Ən çətin rəqib "Zirə"yə düşmüşdü. Buna baxmayaraq, "Hayduk"la matçlara yaxşı hazırlaşmışdılar. Evdəki matçda çox güc sərf etdilər və səviyyəli kollektiv olduqlarını ortaya qoydular. Təmsilçimiz ikinci qarşılaşmada da yaxşı performansla diqqət çəkdi. Reallıq budur ki, "Zirə" Xorvatiyada da qorxaq futbol oynamadı. 4-1-4-1 düzümü ilə üçüncü zonada pressinq tətbiq etdilər və heyətdəki itkilərə rəğmən, öz oyun üslublarına sadiq qaldılar. İkinci yarıdakı qırmızı vərəqə təbii ki, komandamıza əlavə çətinlik yaratdı. Amma "qırmızı"dan sonra da təmsilçimuzin pressinqdən əl çəkmədiyini gördük və bunun sayəsində sona yaxın bərabərlik qolunu vuraraq matçı əlavə vaxta daşıdılar. Təəssüf ki, mərhələ adlamaq mümkün olmadı. Razılaşaq ki, "Hayduk"un futbolçuları ilə bizim komandamızın oyunçuları arasında ümumi keyfiyyət fərqi var. Lakin təmsilçimiz bu fərqin qabarıq şəkildə görünməsinə imkan vermədi. "Zirə" Splitdəki matçda azlıqda qalmasaydı, qalib gələ bilərdi. Bir daha qeyd edim ki, rəqib yalnız futbolçularının fərdi səviyyəsi, təcrübəsi hesabına istəyinə çatdı. Başqa heç nədə üstün deyildilər. "Zirə" hər iki oyunda ortaya qoyduğu futbola görə xoş sözlərə layiqdir".

Ümidi möcüzəyə qalan "Araz-Naxçıvan"

Tarixində ilk dəfə qitəmiqyaslı turnirdə çıxış edən "Araz-Naxçıvan"ın KL-in 2-ci təsnifat mərhələsində Yunanıstan təmsilçisi "Aris"i üstələməsi (2:1, 2:2) bu komandaya qarşı ciddi inam formalaşdırdı. "Neftçi"yə keçəcəyi öncədən dəqiqləşən braziliyalı mərkəz müdafiəçisi İqor Ribeyronu da yunanlara qarşı oynadan naxçıvanlıların "Qarabağ"dan tanıdığımız Patrik Andrade başda olmaqla, bir neçə samballı transfer etməsi də ümidverici reallıq idi. Təəssüf ki, Elmar Baxşıyevin çalışdırdığı "qırmızı-ağlar" 3-cü təsnifat mərhələsinin 1-ci qarşılaşmasında "Dalğa Arena"da "Omoniya"ya 0:4 hesabı ilə uduzaraq işi möcüzəyə saxladı. "Aris"lə səfər oyununun 52-ci dəqiqəsində meydandan qovulan Ribeyronun yoxluğu müdafiə xəttinin uşaq səhvlərinə yol verməsinə, belə desək, təcrübəli rəqib önündə çaşbaş qalmasına yol açdı.

Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovun ağır yenilgi haqda söylədiklərini diqqətinizə çatdırırıq: "Araz-Naxçıvan" ev oyununda böyük hesabla uduzdu. Əslində, "Omoniya"nın güclü olduğunu hamımız bilirdik. Topa nəzarət edən tərəfin təmsilçimiz olmayacağını təxmin edirdik. Müdafiədə çox sayda səhvə yol verdik. Topu ələ keçirdiyimiz anlarda belə, hücumda arzulanan şəkildə çoxala bilmirdik. Oyunçularımız hücuma qoşulmağa ehtiyat edirdilər, çünki rəqibin heyətində iti hücum qurmağı bacaran bir neçə sürətli oyunçu var idi. Bu ehtiyat daha çox futbolçu ilə həmlələr təşkil etməyimizə imkan vermədi. "Araz-Naxçıvan" çox asan qollar buraxdı. Bu səviyyədə matçda belə qollar buraxırsansa, sonradan vəziyyətdən çıxmaq çətin olur. Müdafiədəki ciddi səhvlər öz yerində, təmsilçimizin qapıçısının zərbələr zamanı topu çıxarmaq əvəzinə meydana qaytarması da vurğulanmalıdır. Bütün qolları nəzərdən keçirsək, hər birinin qarşısını almaq olardı. Biz isə yüzfaizli qol imkanları yarada bilmədik. Əks-hücumlarda belə... "Omoniya"nın məşqçilər korpusu "Araz"ın "Aris"lə əvvəlki mərhələdə keçirdiyi oyunları çox yaxşı təhlil etmişdi. Hiss olunurdu ki, təmsilçimizin güclü tərəflərini öyrənə biliblər. Top bizdə olanda futbolçularımız meydanda dərhal Felipe Santosu axtarırdılar. Rəqib oyunçular isə braziliyalıya yaxın oynayır, onun təhlükə yaratmasının qarşısını vaxtında alırdılar. "Omoniya"nın cinahda yer alan oyunçularının sürəti də qabardılmalıdır. Onlar Felipeyə sürətdə uduzmur, vəziyyəti sığortalayırdılar. Bütün bunlar böyükhesablı məğlubiyyətlə nəticələndi. Hərçənd belə oyunlar da bir təcrübədir. Düzdür, 0:4-dən sonra hər hansı geridönüşə gümanım yoxdur, amma ən azı səfərdə yaxşı oynayıb yaxşı təcrübə qazanmaq imkanımız var". 

"Sabah" hələ çox şeyi dəyişə bilər

Mübarizəyə UEFA Avropa Liqasının (AL) 1-ci təsnifat mərhələsindən başlayan "Sabah" iki matçın nəticəsinə görə Sloveniya "Sele"sinə uduzsa da (2:3, ə.v. 3:3), KL-in 2-ci təsnifat mərhələsində Moldova "Petrokub"una heç bir şans vermədi. Bu rəqib üzərində Kişinyovda 2:0, Masazırda 4:1 hesablı qələbələr qazanan "bayquşlar" "Levski" ilə Sofiyadakı dueldən də ən azı bərabərliklə ayrılmağa çox yaxın idilər. Əfsuslar olsun ki, 90+8-ci dəqiqədə buraxılan qol meydan sahiblərinə böyük psixoloji üstünlük verdi. Bu da var ki, effektli hücum xəttinə malik "çəhrayı-qaralar"ın nəinki həmin qolun əvəzini çıxmaq, Bolqarıstan futbolunun flaqmanını "Bank Respublika Arena"da inamla yenmək də olar. Yəni hələ cütün taleyinə aydınlıq gəlməyib və bir vaxtlar Bolqarıstanın digər təmsilçisi "Ludoqorets"in "sükanı arxası"nda olmuş litvalı mütəxəssis Valdas Dambrauskas "Sabah"ın baş məşqçisi qismində vəziyyətdən çıxış yolu tapmalıdır. Təyinatı bu yay reallaşan Dambrauskas artıq sərəncamındakı oyunçularla yaxından tanış olub və kimin nəyi daha yaxşı bacardığını bilir. Bizə isə gözləmək və ən yaxşısına ümid etmək qalır.

Azərbaycan millisinin sabiq hücumçusu, son olaraq ölkəmizin 21 yaşadək futbolçulardan ibarət yığmasını çalışdırmış Samir Əliyevdən "Sabah"ın pley-off şanslarını dəyərləndirməsini xahiş etdik: "Levski" Bolqarıstanın köklü klublarındandır. Ölkəsini "Ludoqorets"dən öncə bu komanda avrokuboklarda inamla təmsil edirdi. Son illərdə "Ludoqorets" hegemonluğu ələ alsa belə... Görünən budur ki, rəhbərlikdəki dəyişikliklərdən sonra "Levski" əvvəlki əzəmətini geri qaytarmaq istəyir. Sofiya təmsilçisinin idman direktorunun müsahibəsindən də aydın şəkildə anlamaq olur ki, klub qarşısına uzunmüddətli inkişaf planı qoyub. Rəqibin indiki heyəti keyfiyyətli yerlilərdən və səviyyəli legionerlərdən qurulub. Daha öncə Bolqarıstanda "Ludoqorets"i çalışdırmış Valdas Dambrauskas "Sabah"ı meydana fərqli düzümlə çıxarmışdı. Azərbaycan komandası müdafiədə daha etibarlı oynamaq və sürətli əks-hücumlar qurmağı hədəfləmişdi. Cesse Sekidika və Coy Lens Mikelsin fərdi bacarıqları, sürətləri hesabına qol vurmaları planlaşdırılmışdı. "Sabah"ın futbolçularında 70-ci dəqiqədən sonra yorğunluq sezilsə də, komanda istəyinə çatmağa çox yaxın idi. Təəssüf ki, son saniyələrdə qapılarında qol gördülər. Mənim subyektiv fikrim budur ki, Bolqarıstandakı oyun 0:0 hesabı ilə başa çatsaydı belə, cavab qarşılaşması "Sabah" üçün çətin keçəcəkdi. "Levski" həqiqətən keyfiyyətli kollektivdir. Evə minimal hesablı məğlubiyyətlə qayıdan təmsilçimizi çox ağır matç gözləyir. Hər şeyə rəğmən, "Sabah"ın hücum xətti ikinci matçda çox şeyi dəyişə bilər. İnanıram ki, Bakıdakı oyunda qollar vuraraq mərhələni adlayan tərəf ola bilərlər. "Sabah"a uğurlar arzulayıram".   

Avropada qol "yeməyən" "Qarabağ"

Azərbaycanın avrokuboklardakı ən uğurlu təmsilçisi yenə imicinə sadiqdir. UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsində İrlandiya çempionu "Şelburn"u asanlıqla məğlubiyyətə uğradan (3:0, 1:0) ağdamlılar növbəti rəqibi "Şkendiya"nı da Şimali Makedoniyada tək qolla üstələyib. Qurban Qurbanovun yetirmələrinin Bakıda "Şkendiya"nı sevindirəcəyinə az adam inanar. Heyətində ciddi dəyişikliklər olan, komandadan ayrılanların əvəzinə yeniləri ilə güclənən "ağ-göylər"in oyununda müəyyən çatışmazlıqlar sezilsə də, zamanla yenilərin komandaya daha yaxşı uyğunlaşacaqlarını güman etmək çətin deyil. "Köhlən atlar"ın pley-offa yüksəlməsi, 4-cü təsnifat mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibinin də öhdəsindən gələrək ÇL-in Liqa mərhələsində oynamaq ehtimalı yuxu yox, reallıqdır. 

"Kəpəz"dən ötən mövsümün sonunda ayrılan məşqçi Azər Bağırov isə "Qarabağ"ın "Şkendiya"nın arzularını Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq cavab qarşılaşmasının ilk yarısında puça çıxaracağına inanır: "Başlanğıcda "Şkendiya"nın oyunçularının "Qarabağ"dan ehtiyat etdikləri hiss olundu. 80-ci dəqiqəyə qədər bütün komponentlərdə üstün tərəf Azərbaycan təmsilçisi idi. Skopyedəki qarşılaşmada rəqib heç bir zonada bizdən yaxşı görünmədi. Yalnız matçın sonlarında etdikləri müəyyən əvəzləmələrdən sonra "Şkendiya"nın bəzi hücumları alındı. 1:0 hesablı səfər qələbəsi cavab qarşılaşması ərəfəsində böyük üstünlükdür. Hərçənd təmsilçimiz daha çox qol vura bilərdi. Birinci hissədə Abdullah Zubirin və Nəriman Axundzadənin real qol imkanları oldu. Sadəcə, şansları gətirmədi. Komandamızın evdə daha rahat oynayacağını düşünürəm. "Qarabağ"ın Bakıdakı matçın ilk hissəsində məsələni həll edəcəyinə inanıram. Əlbəttə, artıq "Şkendiya"nın da itirəcəyi heç nə yoxdur. Onlar da ikinci matçda riskə gedəcəklər. "Qarabağ" həm cütün taleyinə mümkün qədər tez həll edə, həm də ağıllı oyunla növbəti mərhələni düşünə bilər".

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

09:27

Vieyra DÇ-2026-nın iştirakçısını çalışdıracaq

09:00

"Qarabağ"ın heç-heçəsi Azərbaycana nə qazandırdı? - UEFA reytinqi

02:04

KL: Komandası qələbə qazandı, Mahir isə...

01:11

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

Facebookdan bizi izləməyi unutmayın.
X