21 yaşadək futbolçulardan ibarət Fransa millisinin baş məşqçisi Silven Ripoll bu gün Azərbaycan yığmasını 2:1 hesabıyla yendikləri matçdan danışıb.
Fanat.Az xəbər verir ki, o, oyunub ardından təşkil olunan ənənəvi mətbuat konfransında görüşü belə şərh edib:
Çətin matç oldu, ilk hissədə oyuna nəzarət etməyə çalışdıq. Qol vurmaq üçün çoxlu şansımız oldu. İkinci hissə daha gərgin alındı. Azərbaycan səylərini artırdığı üçün ikinci yarı bizim üçün ağır keçdi. Fasilədən sonra texniki baxımdan zəif çıxış etdik. Top saxlamaqla bağlı problemlərimiz oldu.
- Fransada baş tutan ilk görüşdə 5:0 hesablı qələbə qazanmışdız. İki matç arasında Azərbaycan millisində hansı fərqləri gördüz?
- Fransada keçirilən oyunda daha çox mövqe əldə edirdik. Ancaq onu bildirim ki, bu gün Azərbaycanın oyununu bəyəndim, yaxşı çıxış etdilər. İkinci hissədə xüsusilə çoxlu problemimiz oldu. Açığı, Azərbaycanın müqavimət göstərəcəyini bilirdik. İsveçrə ilə müqayisədə daha yaxşı oynadılar.
- Fransanın heyətinə baxanda əzəmətli simalar görürük. Sizcə, bizim futbolçularda nə çatışmır ki, Avropada oynasınlar?
- Açığı, kifayət qədər detallarla deyə bilmərəm. Məncə, daha çox məşq etməlidilər. Azərbaycanda kifayət qədər istedadlı futbolçular var, bunu əvvəlki oyunda da görmüşdüm. Azərbaycanlı futbolçular bu gün meydanda bərabər mübarizəyə hazır olduqlarını göstərdilər.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol