Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderlandın Qroningen şəhərindəki hazırlıq prosesi zamanı "Araz Naxçıvan"ın üzvü Maneka zədələnib.
Komandanın həkimi futzalçının zədəsinin ciddi olduğunu, yarışda iştirak edə bilməyəcəyi ilə bağlı sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edib.
Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verib. Buna görə də Hadi Ahmadi komandaya cəlb olunub. Ahmadi bu gün millinin düşərgəsinə qoşulacaq və sabahkı məşqdə iştirak edəcək.
Bu arada yanvarın 16-da Belçikada COVİD-19-la bağlı test verən və nəticəsi şübhəli hesab edilən Azərbaycan millisinin futzalçısı Rafael Vilela artıq sağalıb.
Braziliya əsilli legioner ötən gün yenidən test verib və bu dəfəki nəticə neqativ çıxıb.
Hazırda Belçikada olan futzalçı tezliklə komandaya qoşulacaq.
Koronavirus testinin nəticəsi pozitiv çıxan Eduardo Borges isə bu gün təkrar yoxlanışdan keçəcək.