Futzal üzrə Avropa çempionatında çıxış edən Azərbaycan millisi yanvarın 17-dən məskunlaşdığı Qroningen şəhərini tərk edib.
Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovun Fanat.Az-a verdiyi məlumata görə, milli komanda bir qədər əvvəl Amsterdama çatıb və otelə yerləşmədən birbaşa məşqə çıxıb:
Bildiyiniz kimi, final mərhələsindəki ilk iki oyunumuz Qroningen şəhərində, son matç isə Amsterdamda keçirilməlidi. Avtobusla iki saat yarım yolçuluqdan sonra bir qədər əvvəl Niderlandın paytaxtına gəlmişik. Baş məşqçinin istəyinə uyğun olaraq, komanda otelə getmədən birbaşa oyunun keçiriləcəyi məkana gəldi. "Ziggo Dome" arenasındakı məşqdən sonra qalacağımız "Leonord" otelinə gedəcəyik".
Federasiya rəsmisi millimizin Bosniya və Hersoqovina ilə görüşə itki ilə çıxacağını bildirməklə yanaşı, Qalo və Rövşən Hüseynovun sabahdan komandaya qoşulacağını da diqqətə çatdırıb: "Korona testləri pozitiv çıxdığı üçün komandadan ayrı düşən Rövşənlə Qalonun karantin müddəti bu gecə başa çatır. Yəni onlar sabah düşərgəyə qoşulacaqlar. Hazır olub-olmadıqlarına baş məşqçi qərar verəcək. Bundan başqa, bir cəzalımız var. Fineo əvvəlki oyunlarda 2 sarı vərəqə aldığı üçün son qarşılaşmanı buraxacaq".
Qeyd edək ki, Niderlandda təşkil olunan final mərhələsinə Gürcüstana məğlubiyyətlə (2:3) başlayan millimiz ikinci oyunda İspaniya ilə bərabərə (2:2) qalıb. Qrupdan çıxmaq şansı az dəyərləndirilən Joze Alesio Da Silvanın komandası son matçını yanvarın 29-da Bosniya və Hersoqovinaya qarşı keçirəcək. Saat 20:30-da başlayacaq oyunda milli inamlı qələbə qazanmaqla yanaşı, Gürcüstanın İspaniyanı yenməsinə də ümid etməlidir.
Mirağa