Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) rəsmi saytında Azərbaycan paralimpiya komandasının Tokio-2020 Oyunlarında qazandığı uğurlara dair material dərc olunub.
Fanat.Az xəbər verir ki, Azərbaycan idmançıları XVI Yay Paralimpiya Oyunlarında 19 medal qazanıblar. Bunlardan 14-ü qızıl, biri gümüş və dördü bürünc əyyarlıdır.
Müəllif altı qızıl medal qazanan cüdoçuların uğurunu xüsusilə qeyd edib. Çempionlardan biri Sevda Vəliyeva (57 kq) paralimpiya çempionluğundan danışıb.
Vəliyeva Tokiodakı həmin günü həyatının analığa qədər ən yaxşı anı kimi təsvir edir:
“Mənə elə gəlir ki, dünən olub. Komanda olaraq bir-birimizə dəstək olduq, məsləhət aldıq. Onlar öz qələbələrinə inanırdılar. Sakit və soyuqqanlı qalaraq motivasiyamı saxlamağa çalışdım. Komanda yoldaşlarımın qələbəsi məni daha da ruhlandırdı. Birliyimiz bizə qələbə qazandırdı".
Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı bildirib ki, Azərbaycan idmançıların yarışdığı paralimpiya idman növlərinin sayını artırmağa ümid edir. Hazırda 14 belə idman növü var.