Argentinanın paytaxtı Buenos-Ayresdə çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Ramiz Həsənov (70 kq) B qrupunun son turunda Vilfredo Rodrigesə (Venesuela) 3:0 hesabıyla qalib gəlib və qrup qalibi kimi 1/4 finala yüksəlib. Albaro Kamaçonu (Dominikan) 3:0 hesabıyla məğlub edən Həsənov yarımfinalda Servet Coşkuna (Türkiyə) uduzub - 0:4. Ramiz rumıniyalı Stefan Komanı sonuncu xal prinsipinə əsasən (2:2) üstələyərək bürünc medala sahib çıxıb.
İbrahim Yusubov (90 kq) A qrupunda sonuncu turda Elton Morrisondan (Panama) güclü olub - 3:0. Qrup qalibi kimi 1/4 finala yüksələn Yusubov 1/4 finalda fransalı Matis Mayrandı, yarımfinalda isə macarıstanlı Patrik Puespoekini eyni hesabla (3:0) üstələyərək finala vəsiqə qazanıb. Həlledici görüşdə gürcüstanlı Dato Piruzaşviliyə minimal fərqlə (2:3) uduzan İbrahim gümüş medal qazanıb.
Oyan Nəzəriani (+90 kq) E qrupunun sonuncu turunda argentinalı Nikolas Baez görüşə gəlmədiyi üçün qalib elan edilib və 1/4 finala vəsiqə qazanıb. Ancaq bu mərhələdə türkiyəli Fatih Yaşarlıya minimal fərqlə (1:2) məğlub olub.
Qeyd edək ki, Dünya Seriyasının II mərhələsi Sinqapurda (10-11 iyun) keçiriləcək.