
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 1:1 nəticələnən görüşdən sonra bunları söyləyib:
"Qəbələ həmişə ağır səfər olub. Qələbə qazanmaq istəyirdik. Oyun daha çox mübarizələrlə yadda qaldı. Əslində, matça pis başlamamışdıq. Düzdür, hesabda geri düşdük, amma baxımlı qol vuraraq tarazlığı bərpa etdik. Standart vəziyyətdən iki baxımlı qol vəziyyətimiz oldu.
Hardasa, bir saat üstün futbol sərgilədik, kifayət qədər epizodlarımız oldu. Razıyam, matçın son bölümündə tempi qaldıra bilmədik və başabaş mübarizə getdi. Oyunlar sıx təqvimdə keçir, çatışmazlıqlarımızın üstündə çox işləyə bilmirik. Bu bəhanə deyil, amma meydanın vəziyyəti də sürətli, keyfiyyətli oynamağa imkan vermədi. Görünür, qardan sonra və bu stadionda iki komandanın ev oyunu keçirməsi meydançaya təsirini göstərib.
Hakimliyi şərh etmək istəmirəm. Görünən odur ki, Rəşad Əhmədov hər iki tərəf üçün folları verirdi və sərt oynamağa imkan yaradırdı".