
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində dünən İslandiya seçməsini qəbul edən Azərbaycan millisi 0:2 hesabı ilə məğlub oldu. "Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Öncəki açıqlamalarımda da bildirmişdim ki, İslandiya yığması çox dinamik, taktiki planda olduqca hazırlıqlı, standart vəziyyətlərdən maksimum şəkildə yararlanmağı bacaran, eləcə də fiziki göstəriciləri ilə seçilən kollektivdir. Rəqibin heyətində top liqalarda çıxış edən, qapalı müdafiəmi yara biləcək oyunçular da az deyil. Dünənki matçda sadalananlara bir daha şahidlik etdik. Zədə səbəbindən komandamızın üç əsas futbolçusunun İslanduyaya qarşı oynamaması təbii ki, bizə əlavə problemlər yaratdı. İlk hissədə sıx müdafiə olunaraq əks-hücumlar qurmağa çalışdıq. Bir-iki fürsətimiz də oldu. Təəssüf ki, yararlana bilmədik. Buraxdığımız qollardan birində rəqib verdiyimiz boşluqdan dərhal istifadə etdisə, o biri qolu standart vəziyyətdən buraxdıq. İkinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Üçüncü zonada pressinq etmək, nəticəni dəyişmək istədik, amma söylədiyim kimi, keyfiyyətli rəqib önündə planlarımızı həyata keçirə bilmədik. Bütün hallarda, uşaqlar əzmkarlıq göstərdilər. Təəssüf ki, xal qazanmaq mümkün olmadı. Çox çətin qrupa düşmüşük. Qarşıda daha güclü Fransa ilə ev oyunumuz var. Yığmamıza uğurlar arzulayıram".
Nihat