
"Sabah” – "Sumqayıt” oyunundan sonra (1:1) meydan sahiblərinə 1 xal gətirən qolun müəllifi Rəşad Eyubov Fanat.Az-ın əməkdaşına açıqlama verib.
Eyubov öncə ilk yarıda "qırmızı” alaraq komandasını növbəti dəfə çətin vəziyyətə salan Marko Deviçin epizodundan danışıb: "Başlanğıcda azlıqda qalmaq planlarımıza daxil deyildi. Deviçə simulyasiyaya görə verilən birinci "sarı”nı haqlı sayıram. İkinci haqda dəqiq fikir bildirməyə çətinlik çəkirəm. Marko hakimə söymədiyini, nəsə artıq söz demədiyini bildirdi. Deyilənə görə referi vərəqənin təyinatını belə əsaslandırıb”.
Premyer Liqanın debütantına "Neftçi”dən gələn futbolçu nəticəni qənaətbəxş saydığını söyləyib: "Azlıqda bir xal almaq normaldı. Hərçənd biz qələbəni hədəfləmişdik. Fasiləyə məğlub getsək də, paltardəyişmə otağında uduzmayacağımıza söz verdik. Yekunda heç-heçə oynadıq”.
Rəşad özü haqda da bir neçə cümlə deyib: "Özümü super oyunçu saymıram. Bura daha çox oynamaq üçün gəlmişəmsə, çox çalışmalıyam. Bu gün komandama qolla fayda verdiyim üçün şadam”.
O, heyətinə dəvət almadığı millidən təklif gözlədiyini gizlətməyib: "Açığı, gözləyirdim. Niyə gizlədim ki... Çağırmayıblarsa, deməli lazım bilməyiblər. Komandamıza uğurlar arzulayıram. Bizi xoş xəbərlə sevindirərlər”.
Fanat.Az