21:00 26.10.2019 5731

180 nəfəri dolandıran 9 uşaq atası: “Arvadımdan çox onunla yatmışam” - FOTOLAR

"Onun sol ayağı sanki poladdan idi. Tanrıya şükürlər olsun ki, yerinə yetirdiyi cərimə zərbələri zamanı heç vaxt canlı səddə dayanmamışam. Belə məqamlarda həmişə kənara çəkilirdim. Çünki güclü zərbəsindən sonra top kiminsə başına dəysəydi, həmin adam həyati təhlükə yaşaya bilərdi”. Bu sözləri Hollandiya yığmasının, eləcə də "Mançester Yunayted” və "Milan” kimi klubların sabiq müdafiəçisi Yap Stam onun barəsində deyib.

Zarafat deyil! Zəhmli görünüşü ilə hücumçuların gözünün odunu alan nəhəng Stam bəstəboy solaxaydan çəkinirmiş... Söhbət "futbol fabriki” Braziliyadan çıxmış, 11 il Madrid "Real”ının şərəfini qorumuş, dünya çempionu Roberto Karlosdan gedir.

Əksər braziliyalılar kimi, o da futbola uşaqlıqdan aşiq olub, topla ilk tanışlığı 3 yaşına təsadüf edib. Bir müddət sonra atası anlayıb ki, oğlunun "qab”ında nəsə var. Bununla belə, valideynləri onun gələcəkdə böyük futbolçu olacağını ağıllarına belə, gətirmirdilər...

"12 yaşımda tabut düzəldilən sexdə işləyirdim”

Kasıb ailədə dünyaya göz açıb Karlos. Atası əvvəlcə kofe plantasiyasında sürücü, sonra fabrikdə işləyib. Evdar xanım olan anası isə gününü 4 uşağına baxmaqla keçirib. 3 bacının tək qardaşı olsa da, üzərində əsməyiblər Robertonun. Əksinə, uşaq yaşlarından bərkə-boşa düşüb, ailəsinə kömək edib. "Elə olurdu ki, axşam yeməyə bir şey tapmırdıq. Çox vaxt bu halla üzləşməmək üçün günorta yeməyinin bir hissəsini axşama saxlayırdıq. 12 yaşımda atamın yanında, sexdə işləyirdim, özü də tabut düzəldilən sexdə. Uşaq olmağıma rəğmən, qorxmurdum, sıxılmırdım. Mənə xoş idi, çünki atamın yanındaydım. Hüznlü, amma eyni zamanda əyləncəli uşaqlıq yaşamışam. Həyatım haqda film çəkilsəydi, insanlar baxıb həm ağlayar, həm də gülərdilər”, - həmin günləri belə təsvir edir Karlos.

Atası ona mahnılarını sevə-sevə dinlədiyi, braziliyalı müğənni Roberto Karlos Braqanın adını qoymuşdu. Gün gələcəkdi, oğlu məşhurluğuna görə heç də həmin musiqiçidən geri qalmayacaq, əksinə bütün dünyada tanınacaqdı. Buna qədər isə bütün çətinliklərdən keçməli, həyatın sərt üzünü görməliydi...

"Sanki mənə sehrli çubuq dəydi və həyatım dəyişdi”

Karlosun 8 yaşı olanda ailəsi Kordeyropolisə köçməyə qərar verir və beləcə oğullarını yaxın gələcəkdə böyük futbola aparacaq yolun izinə düşürlər. Axı məhz Kordeyropolisdə Robertonun oyununu görüb onu peşəkar kluba dəvət edəcəkdilər. Vaxt gəlir, vədə yetişir, şəhər komandasının heyətində özünü yaxşı tərəfdən göstərən solaxayı "Unian San-Juan” klubu heyətinə qatır. 1988-ci ildə ilk peşəkar müqaviləsini imzalayan 15 yaşlı Karlosun bir arzusu var idi - valideynlərinə yeni ev almaq: "Heç vaxt zəngin, məşhur olmaq arzusu ilə yaşamamışam. Sadəcə olaraq, ailəmizi xoşbəxt etmək, sevindirmək
istəyirdim. Ən böyük əyləncəm futbol idi. Evə tərin içində, üst-başım batmış halda qayıdardım. 13 yaşımdan sonra bütün həyatım dəyişdi. Sanki mənə sehrli çubuq dəydi. Anam o günləri yada salanda deyir ki, birdən-birə oğlumun həyatı işıqlandı və Tanrı ona "qulum, irəli get” dedi. Anam Tanrı tərəfindən seçilmiş olduğumu düşünür. Təbii ki, istedadlı idim, üzərimdə çox çalışırdım. Amma uğur qazanmaq üçün bunlar bəs etmir, gərək şansın da olsun. Doğru zamanda doğru insanlarla tanış olmaq çox önəmlidir. Bu mənada, mənim də şansım gətirdi. Yaşadığım çətinliklər, əzablar məni qamçılaya-qamçılaya dəmir kimi etdi. Bəlkə də uşaqlığım yaxşı keçsəydi, bu qədər istəkli, əzmli olmazdım”.

Özünün də dediyi kimi, həyat artıq onun üzünə gülməyə başlamışdı. Qarşısına məqsəd qoyan Roberto 1992-ci ildə valideynlərinə yeni ev alır. Bu hərəkəti atası Oskar Silvanı çox sevindirir.

1993-cü ildə "Palmeyras”a, 2 il sonra isə İtaliya "İnter”inə keçən Roberto Karlosun həyatında 1996-cı ildə yeni səhifə açılır: 11 il formasını geyinəcəyi Madrid "Real”ı onunla müqavilə imzalayır. Klub karyerasındakı ən böyük uğurlarını da məhz "qalaktikos”da qazanır Karlos...

"Tanrıya dua edirdim ki...”

""Real”a keçəndən sonra həyatım tamamilə dəyişdi. Dünyanın ən güclü futbolçuları ilə komanda yoldaşı olmaq möhtəşəm hiss idi. Ev oyunlarından sonra bizi şəxsi təyyarələrimiz gözləyirdi. Madrid aeroportunun qapalı terminalında görüşürdük. Bekhem bir tərəfə, Fiqu və Zidan başqa səmtə, Ronaldo və mən isə ayrı istiqamətə uçurduq. Növbəti gün komanda ilə birgə məşqə çıxmalıydıq, amma buna görə narahat deyildik. Həmişə Tanrıya dua edirdim ki, "Real”ın oyunları 6-cı gün olsun. Çünki belə olanda şəxsi təyyarəmlə uçub bazar günü "Formula-1” yarışlarını izləyə bilirdim. Özümü heç vaxt digər insanlardan üstün saymamışam. Düzdür, yaxşı futbolçu idim, amma nə olsun? Mən ancaq meydanda ulduz Roberto Karlos idim, ondan kənarda isə sadə, həmişəki adamıydım. Devid Bekhem isə fərqli idi. O, meydanda olduğu kimi, ondan kənarda da əsl ulduz kimi davranırdı”, - Karlos "kral klubu”ndakı günlərini belə xatırlayır.

Futbolçular arasında ən yaxın dostu Ronaldo olub Karlosun. Braziliya yığması, "Real” və "Korintians”da komanda yoldaşı olmuş bu cütlük futbolçu karyerasını bitirdikdən sonra da dostluğu davam etdirir: "Ronaldonu 1993-cü ildə tanımışam. O vaxtdan həm milli, həm də birgə oynadığımız klublarda həmişə eyni otaqda qalmışıq. Arvadımdan çox Ronaldo ilə bir yerdə yatmışam”.

"Kiməsə "get, abort etdir” deyə bilmərəm”

Yeri gəlmişkən, Roberto Karlos iki dəfə ailə həyatı qurub. İlk xanımı Alexandra Pineyro onun üçün 2 qız, 1 oğlan övladı dünyaya gətirib. Əvvəlcə hər şey yolunda getsə də, bir müddət sonra ayrılıblar. 2009-cu ildə isə Karlos yenidən evlənib, bu dəfə braziliyalı model Mariana Lukkonla. İkinci evliliyindən 2 qızı olan keçmiş futbolçunun daha 4 övladı - 3 oğlu, 1 qızı isə nikahdankənar dünyaya gəlib. Ümumilikdə 9 uşaq - 5 qız, 4 oğul atası olan Roberto Karlos övladları arasında fərq qoymur, hər birinin problemi ilə yaxından maraqlanır: "Ailəmə, bütün övladlarıma, qohumlarıma, bir sözlə, 180 nəfərə baxıram. Ola bilər ki, sayı bir az çox dedim, amma təxminən o qədərdir. Bəzən məndən soruşurlar ki, nikahdankənar dünyaya gələn övladlarınızı qəbul etmək məcburiyyətindəsiniz? Əlbəttə! Başqa çarəmmi var? Mən həmişə aborta qarşı olmuşam. Çünki abort can almaq, bir insanı öldürmək deməkdir. Bu, dində də günahdır. Mən abortu heç vaxt qəbul edə, kiməsə "get, abort etdir” deyə bilmərəm. Amma nikahdankənar doğulan uşaqlarımın, həqiqətən, mənə aid olub-olmadığını öyrənmək üçün DNT testi etdirmişəm. İstəmişəm ki, əmin olum. Hər bir övladımın ehtiyaclarını artıqlaması ilə qarşılayıram. Belə də olmalıdır. Braziliyadakı evimə gedəndə hamısını bir yerə yığıram, əyləncəli anlar yaşayırıq. Uşaqların adlarını səhv salmasam da, doğum günlərini qarışdırıram”.

Çoxuşaqlı ata statusunu daşıyan Roberto Karlos 44 yaşında baba olmağın da sevincini yaşayıb. 2017-ci ildə böyük qızının oğlu dünyaya gəlib.

"Demişdi ki, səndən heç vaxt futbolçu olmayacaq”

"Bütün dinlər eyni mesajı verir və eyni varlığa işarədir: Tanrı təkdir! Mən də ona inanıram” deyən Karlos artıq neçə ildir ki, xeyriyyəçiliklə də məşğuldur. San-Pauloda ciddi problemli uşaqların müalicə olunduğu dövlət xəstəxanasına tez-tez maddi yardım edir. Müalicə prosesinin daha effektiv olması üçün xəstəxanaya yeni tibbi avadanlıqlar, müasir aparatlar alıb. "Anji”də oynadığı vaxt Rusiyada "Həyat bəxş et” fonduna pul köçürüb. Braziliyada açdığı məktəblərdə uşaqlar pul ödəmədən futbolun sirlərini öyrənirlər. Karlos bunları özünə mənəvi borc bilir: "Övladlarımın xoşbəxt olduğunu görəndə çətin keçən uşaqlıq illərim yadıma düşür. Və anlayıram ki, təkcə onlar üçün deyil, ehtiyacı olan bütün uşaqlar üçün nəsə etməliyəm. Biz braziliyalılar kasıb millətik. Ölkəmizdə insanların təhlükəsizliyi belə, lazımi səviyyədə deyil. Saysız-hesabsız problemlərimiz var. Onlara sinə gəlmək üçün isə həmişə gülürük, samba rəqsi oynayırıq. Mən də heç nəyə, hətta boyumun qısa olmasına görə də kompleks yaşamamışam. Yaxşı yadımdadır, uşaq vaxtı məşqçim mənə demişdi ki, səndən heç vaxt futbolçu olmayacaq, çünki boyun balacadır. Nəticə bəllidir!”.

Bir dəfə jurnalistlərdən biri Roberto Karlosdan soruşur: "Niyə dünyanın ən gözəl qadınları və ən güclü futbolçuları Braziliyadan çıxır?”
Karlosun yarı zarafat, yarı ciddi cavabı isə belə olur: "Kim bilir, bəlkə də Tanrı braziliyalıdır. Ən yaxşı futbolçuların bizdən çıxdığı doğrudur. Amma ən gözəl qadınların ancaq Braziliyadan çıxması fikri ilə razılaşmıram. Dünyanın hər yerində gözəl qadınlar var. Gəlin, onlara haqsızlıq etməyək”.

Mənbə: Lent.az
 















Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X