Moldova millisinin yeni baş məşqçisi açıqlanıb.
Fanat.Az Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda Engin Fırata tapşırılıb. 49 yaşlı türk mütəxəssis bu postda baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Semyon Altmanı əvəzləyib.
Engin Fıratla "AVRO-2020"nin seçmə mərhələsinin sonuna qədər müqavilə bağlanılıb. Moldova millisi seçmə mərhələnin H qrupunda 8 turdan sonra 3 xalla sonuncu yerdədi. Komanda noyabrın 14-də Fransanın qonağı olacağı halda, 3 gün sonra İslandiyanı qəbul edəcək.
Qeyd edək ki, son olaraq ABŞ-ın "Dallas Siti” klubunun texniki direktoru qismində çalışmış Engin Fırat İran millisi və "Fənərbaxça" daxil olmaqla bir çox klublarda köməkçi-məşqçi kimi çalışıb. O, həmçinin Türkiyənin "Kayseri Ərciyesspor", İranın "Sepahan", "Qostareş Fulad" və "Saypa" klublarının baş məşqçisi olub.
Fanat.Az