"Ay qaqa, çox şükür Lüksemburq bizim qrupa düşdü, heç olmasa onlardan xal götürərik, tənqid edib, aşımıza su qatanların önündə dilimiz uzun olar" deyən "millimizin" futbolçuları, necəsiz?
Tək qapı gedən oyun, qırmızı vərəqə, avtoqol, cərimə meydançasının içində uzanan qollar, penalti... Tam sizdən gözlənilən hərəkətlər.
Hər halda futbol 90 dəqiqə yox, daha çox vaxtdan ibarət olsaydı, hələ çox şey görərdik. Yüz faiz Canni De Byazi infarkt keçirərdi.
Ay qardaş, milli adı vecinizə deyil, xalqın hisslərini düşünmürsüz, heç olmasa çiçəyi burnunda baş məşqçinizə yazığınız gələrdi də. Bizi boş verin, alışmışıq bu fiaskolara, amma o kişinin siftəsi idi axı. Biraz özünüzü sıxardınız, heç-heçə olardı. Adam bəlkə də hara düşdüyünü unudub.
Yüz faiz koronavirusa görə karantində formadan düşməyinizi əlinizdə bayraq edəsiniz. Başqa vaxt "cırtdan" ölkə deyib küçümsədiyiniz Lüksemburqda o karantindən yox idi?! Bu gün Lüksemburq önündə sizi belə gördüksə, vallah, qarşıdakı oyunlardan qorxmaq lazımdı. Uduzmağa görə yox ha, o adi haldı, başqa nə hoqqalar edəcəyiniz maraqlıdı. Bu oyunda elə adrenalin yaşatdınız ki, qarşıdakı oyunları popkorn, tum alıb, sırf aksiyon xatirinə izləmək lazımdı. Yoxsa onsuz da siz meydanda futbol oynamırsız. Xətrinizə dəyməsin, amma idmana aid filmlərdə çəkilən aktyorlar sizdən daha inandırıcı idmançı kimi görsənirlər.
Tək-tək ad çəkib filankəs belədi, filankəs elədi deməyəcəm. Durub oyunu da təhlil etməyə halım yoxdu. Birincisi, siz tərəfdən oyun deyə bir şey yox idi, ikincisi də onsuz da bunu hamı deyir, özümü yormağa dəyməz. Futbol fərdi oyun deyil, kollektiv oyunudu və bu fiaskoda hər birinizin günahı var.
Amma Allahı var, Emil Balayevin haqqına girməyim. Onun cəhdləri ümumi mənzərəni dəyişmir. Adamın potensialı var, amma yalnış qərarla dünyaya açılmaqdan vaz keçdi. Sadəcə son sözüm odu ki, əgər bu yazını Emil Balayev oxusa və ya kimsə ona xəbər eləsə, demək istəyirəm ki, "Qardaş, sən Azərbaycana qayıdaraq böyük səhv elədin".
Röya Kərimli