Ötən həftə UEFA Çempionlar Liqasındakı rəqibləri bəlli olan "Araz” qitə klub turnirinə ciddi hazırlıq görür. Artıq komandanın planları məlumdur.
Naxçıvan klubunun vitse-prezidenti Mahmud Sadıqovun Fanat.Az-a verdiyi məlumata görə, komanda iyulun 25-dən hazırlıqlara start verəcək: "Əslində, futzalçılar ayın 20-dən etibarən tibbi müayinəyə cəlb olunmağa başlayacağıq. İyulun 25-dən avqustun 5-nə kimi isə hazırlığın ilk mərhələsi olacaq. 10 gün müddətində komandanın fiziki hazırlığı artırılacaq. Növbəti mərhələ taktiki məşqlərə həsr olunacaq”.
Klub rəsmisi braziliyalı baş məşqçi Joze Alesio Da Silvanın avqustun ilk günlərində Bakıya dönəcəyini vurğuladı: "Alesio ölkəsindədi, gələn ayın əvvəlində Bakıya qayıdacaq. O gələnə kimi fiziki hazırlıq üzrə məşqləri onun köməkçiləri yerinə yetirəcək. Alesio vətənində həm də transferlərlə məşğuldur. Əslində, komandada çox dəyişiklik olmayacaq. Çünki heyətin özəyi qorunub. İranlılar Hadi Əhmədi, İsaq Surqalı və Əmir Şocayi, o cümlədən, braziliyalı Murilyo heyətdədir. Yerlilərdən də Rövşən Hüseynli, Ramiz Çovdarop, İsa Atayev, Rizvan Fərzəliyev, Xətai Bağırov və gənc oyunçumuz Nurlan Mehdizadə ilə yollarımıza davam edirik.
Bununla belə, 2 legioner transfer etməyi planlaşdırırıq. Biri ilə demək olar, razılıq əldə olunub. Digəri ilə danışıqlar davam etdirilir. Ancaq transferlər rəsmiləşməmiş onların adlarını açıqlaya bilmərəm”.
Mahmud Sadıqov "Araz”ın danışıq apardığı legionerlərin adlarını açıqlamasa da, Fanat.Az onlardan birinin kimliyinə aydınlıq gətirib. Əldə etdiyimiz məlumata görə, Alesio Naxçıvan təmsilçisinə 2 həmyerlisini gətirəcək ki, razılığı alınan futzalçı Emanuel Rodrigesdir.
Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol